Pakistanda mühakimə olunduğu iki cinayət işin dinləmələrində iştirak etməyən keçmiş baş nazir İmran Xan üçün iki həbs qərarı çıxarılıb.
Sitat.info yerli mediaya istinadən xəbər verir ki, İslamabad Rayon Məhkəməsində Xanın ötən ilin avqustunda baş nazir olduğu müddətdə xarici yüksək vəzifəli şəxslərdən hədiyyələr almaqda və qadın hakimi hədələməkdə ittiham olunduğu iki iş üzrə dinləmələr keçirilib.
Hər iki məhkəmə iclasda iştirak etməyən Xan haqqında ayrıca həbs qərarı çıxarıb. Məhkəmənin qərarından sonra İslamabad Polis Departamentindən bir qrup Xanı saxlamaq üçün helikopterlə Lahora gedib.
Digər tərəfdən, Xan aprelin 30-da Pəncab əyalətində keçiriləcək seçkilərdə bu gün ilk mitinqini keçirmək üçün Lahordakı evini tərk edib.
Polis martın 5-də Xanı nəzarətə götürmək üçün onun evinə gedib , lakin onun evində olmadığı bildirilib. Xan qərara qarşı yuxarı məhkəməyə müraciət edib və məhkəmə həbs qərarını martın 13-dək dayandırıb.
Qeyd edək ki, İmran Xanın hökuməti 2022-ci ilin aprelində süqut etdi.
2022-ci il aprelin 10-da Pakistan parlamentində keçirilən etimad səsverməsində İmran Xanın hökuməti 174 "yox" səsi ilə yıxılmışdı. Aprelin 11-də parlamentdə keçirilən seçkidə ölkədə üç müddət baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 174 səslə mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.
Nərgiz,
Sitat.info