Orion23 təliminin son mərhələsi Fransada şəhərin mərkəzində keçirilib. Mülki vətəndaşlar gündəlik həyatlarını davam etdirərkən, əsgərlər təlimi davam etdiriblər.
Sitat.info xəbər verir ki, fevralın 25-də Fransada başlayan və NATO müttəfiqlərinin iştirakı ilə həyata keçirilən Orion23 təlimi başa çatıb.
Fransa, ABŞ, İtaliya, İspaniya, Belçika və İngiltərədən 7 min əsgərin qatıldığı təlimin son mərhələsi Fransanın Cahors şəhərində keçirilib.
Cahorsda keçirilən təlimdə əsgərlər boş güllə, səs və tüstü bombalarından istifadə edərkən, mülki vətəndaşlar isə gündəlik həyatlarını davam etdiriblər. Əsgərlər manevr ssenarisi çərçivəsində ələ keçirilən şəhəri geri alıblar.
Ətrafdakılar tərəfindən qeydə alınan görüntülərdə əsgərlərin yaşayış məntəqəsi münaqişəsini canlandırarkən avtomobillərin və mülki şəxslərin yolları keçməyə davam etdiyi görülüb.
Son illərdə şəhər mühitində keçirilən ən böyük təlim olan Cahorsdakı Orion23 təlimində minə yaxın əsgər iştirak edib.
Qeyd edək ki, Fransa Silahlı Qüvvələri tərəfindən hər il təşkil edilən və hava, quru, dəniz və kiber bölgələrdə həyata keçirilən Orion təlimi Fransanın təşkil etdiyi ən mühüm hərbi təlimlərdən biri hesab olunur.
Seymur Bənnayev
Sitat.info