Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bildirib ki, Ukraynanın Avropa İttifaqı (Aİ) və NATO-ya üzvlüyü xeyriyyə və ya fidyə kimi qəbul edilməməlidir.
Sitat.info xəbər verir ki, Kuleba “Ukrayna üçün Avropa Üfüqləri” mövzusunda Ukrayna-Oksford 2023 konfransında videokonfrans vasitəsilə çıxış edib.
Ukraynanın Aİ və NATO üzvlüyündəki qeyri-müəyyənliyin ən böyük strateji səhvlərdən biri olduğunu ifadə edən Kuleba bildirib: “Qərb siyasətçiləri tərəddüdlərini Rusiyanın qorxularını azaltmağa yönəlmiş ehtiyatlı siyasət kimi təqdim etdilər. Bu, strategiya deyildi, strategiyanın olmaması idi".
Nazir Kuleba Rusiyanın Qərbdən fərqli olaraq Ukraynaya qarşı uzunmüddətli strategiya həyata keçirdiyinə diqqət çəkərək, Rusiyanın Qərbin şübhələndiyi yerdə hərəkətə keçdiyini bildirib.
Kuleba: “Gəlin bir anlıq təsəvvür edək ki, bəzilərinin proqnozlaşdırdığı kimi, Ukrayna işğaldan bir neçə gün sonra çöksəydi, Avropanın təhlükəsizliyi necə olardı. NATO və Aİ-nin beynəlxalq mövqeyi, nüfuzu və təsiri tarixin ən aşağı səviyyəsinə enəcəkdi. Avropada və ümumilikdə Qərbdə milyonlarla ailənin təhlükəsizliyi və rifahı birbaşa təhdid altına düşəcəkdi”.
Tərəfdaşlarının Ukraynanın təhlükəsizliyinin Avropanın təhlükəsizliyi ilə bağlı olduğunu başa düşdüklərini ifadə edən Kuleba deyib:
“Bir il əvvəl ağlasığmaz olan hərbi dəstək indi reallığa çevrilib. Hazırda Ukraynanın həlledici üstünlük əldə etməsi üçün elan edilən bütün dəstək paketlərinin tez çatdırılması vacibdir. Silah tədarükünə heç bir qadağa ola bilməz. Ukrayna hər şeyi, o cümlədən döyüş təyyarələrini götürməlidir”.
"Ukraynanın Aİ və NATO üzvlüyünün xeyriyyə və ya fidyə kimi qəbul edilməməsi lazım olduğunu" vurğulayan Kuleba: "Ukraynanın Aİ və NATO üzvlüyü uzunmüddətli sülh və sabitliyin təminatı olacaq",-deyə bildirib.
Seymur Bənnayev
Sitat.info