Birləşmiş Millətlər Təşkilatının Dünya Turizm Təşkilatının konfransına ev sahibliyi edən Səudiyyə Ərəbistanı İsrail nümayəndə heyətinə giriş vizası verməyib.
Sitat.info xəbər verir ki, İsrail İctimai Yayım Təşkilatının (KAN) xəbərinə görə, Səudiyyə Ərəbistanı Dünya Turizm Təşkilatının konfransına dəvət edilən İsrail nümayəndə heyətinə viza verməkdən imtina edib.
Amerikanın Bloomberg xəbərində Ər-Riyad rəhbərliyinin bu münasibətə səbəb göstərmədiyi, BMT-nin "təşkilatın bütün üzvlərinə bərabər münasibət" tələbinə baxmayaraq belə bir münasibət sərgiləndiyi bildirilib.
Səudiyyə Ərəbistanı rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində Dünya Turizm Təşkilatının 18 ölkədə 32 turistik kəndi əhatə edən iki günlük konfransı dünən öz işinə başlayıb.
Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik əlaqələr yoxdur.
Bundan əlavə, Səudiyyə Ərəbistanı ilə İran arasında 7 illik fasilədən sonra martın 10-da diplomatik münasibətlərin bərpasına dair razılaşmanın İsraillə Səudiyyə Ərəbistanı arasındakı “normallaşma imkanlarına” mənfi təsir göstərəcəyi gözlənilir.
Məğrur
Sitat.info