Cənubi Koreya və ABŞ Şimali Koreya ilə davam edən gərginlikdə yeni təlimə başlayıb.
Sitat.info xəbər verir ki, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamaya görə, 11 gün davam edəcək təlimdə Şimali Koreyanın nüvə və raket təhdidlərini əks etdirən real ssenarilər öyrəniləcək.
Şimali Koreyanın sualtı qayıqdan iki “strateji qanadlı raket” atmasından dərhal sonra Cənubi Koreya və ABŞ “Azadlıq Qalxanı” adlı hərbi təlimə başlayıb.
“Bu, Şimali Koreyanın mümkün təcavüzündən Cənubi Koreyanı müdafiə etmək üçün nəzərdə tutulmuş birgə əməliyyat planına əsaslanan müdafiə manevridir”, - məlumatda deyilir.
Təlimin həftə sonu fasiləsi olmadan davam edəcəyi vurğulanan açıqlamada bunun Cənubi Koreya və ABŞ-ın birlikdə edəcəyi ən böyük təlim olacağı bildirilib.
Bəyanatda qeyd olunub ki, “Azadlıq Qalxanı” təliminə əlavə olaraq, iki ölkə əməliyyat imkanlarını artırmaq üçün həm quruda, həm də dənizdə təxminən 20 birgə səhra təlimi keçirəcək. Təlimlərin martın 23-dək davam etməsi planlaşdırılır.
Məğrur
Sitat.info