Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ukrayna prezidenti Vladimir Zelenskinin Tbilisidəki etirazları dəstəkləməsinə reaksiya verib. Qaribaşvili ölkəsində 2 gündür davam edən “xarici agent qanun layihəsi”nə etirazları “dövlətə qarşı təxribat” kimi qiymətləndirib.
Qanun layihəsinin martın 10-da geri götürüldüyünü xatırladan Qaribaşvili bildirib ki, planlaşdırılan təxribatın qarşısı alınıb. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin yaratdığı əsas müxalifət partiyasını və onu dəstəkləyən “qüvvələr”i ölkədə xaos yaratmaqla Rusiyaya qarşı “ikinci cəbhə” açmağa çalışmaqda ittiham edən Qaribaşvili bildirib: “Nə qədər ki, "Gürcü Xəyalı" ( iqtidar partiyası) hökuməti hakimiyyətdədir, burada ikinci cəbhənin açılmasına imkan verməyəcəyik”.
Ukrayna lideri Zelenskinin Tiflis nümayişlərini dəstəkləməsinin Gürcüstanın daxili işlərinə qarışmaq anlamına gəldiyini qeyd edən Qaribaşvili: “Öncə özünüzə və ölkənizə baxın, biz ölkəmizin qayğısına qalacağıq”, - deyə bildirib.
Rusiya-Ukrayna müharibəsində son hadisələrə toxunan Qaribaşvili “Üçüncü Dünya Müharibəsi təhlükəsinin ortaya çıxdığını” bildirib.
Seymur Bənnayev
Sitat.info