BMT: Liviyada 2,5 ton uran itib

11:45 16 Mart 2023

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Liviyada təxminən 2,5 ton uran filizinin itirildiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, MAQATE-nin direktoru Rafael Grossi deyib ki, ölkəyə səfər edən müşahidəçilər gizli yerdə 10 barel uranın itdiyini bildiriblər.

İtirilmiş uran radioloji təhlükə ilə yanaşı, nüvə təhlükəsizliyi baxımından da narahatlıq yaradır.

MAQATE əvvəllər yerləşdiyi bölgədən itirilmiş uranla bağlı daha ətraflı məlumat toplamağa çalışacaqlarını açıqlayıb.

Uranın nə qədər müddətdir yox olması da məlum deyil. Müşahidəçilər ötən il əraziyə səfər etmək istəsələr də, ölkədə davam edən münaqişə səbəbindən gedə bilməyiblər.

Uranın tapıldığı bölgənin adı çəkilməsə də, bunun “hökumət”in nəzarətində olmayan ərazi olduğu bildirilib.

Qeyd edək ki, 2011-ci ildə Müəmmər Qəddafi üsyanla devriləndən bəri Liviyada sabitlik əldə olunmayıb. Paytaxt Tripolidə Milli Razılıq Hökuməti ilə şərqdə Tobrukda Nümayəndələr Palatası arasında hakimiyyət mübarizəsi davam edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti