İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinə təşkil etdiyi basqında 6 fələstinli yaralanıb.
Sitat.info xəbər verir ki, şahidlərin sözlərinə görə, İsrail əsgərləri yəhudi köçkünlərin daşınmasını təmin etmək və onların dini ayinlərini yerinə yetirmək üçün Nablusun şərqində "Yusifin kürsüsü" kimi tanınan əraziyə basqın ediblər.
Vəziyyətə reaksiya verən fələstinli gənclərlə İsrail qüvvələri arasında qarşıdurma yaşanıb. İsrail qüvvələri real və rezin güllələrlə gözyaşardıcı qazdan istifadə edərkən, fələstinlilər hərbi maşınların keçəcəyi yolu bağlayıb, daş və molotof kokteyli atıb, avtomobil təkərlərini yandırıblar.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada 3 fələstinlinin real güllə, 3 nəfərin isə qaz balonları və güllə parçaları ilə yaralandığı bildirilib. İsrail əsgərlərinin müdaxiləsi zamanı atılan qazdan 52 nəfər də zərər çəkib.
Qeyd edək ki, Yəhudi köçkünlər dini ayinləri yerinə yetirmək üçün İsrail ordusunun himayəsi altında tez-tez Yusifin kürsüsü kimi tanınan əraziyə basqın edirlər.
Yəhudilər inanırlar ki, Yusif peyğəmbərin məqbərəsi İordan çayının qərb sahilindəki Nablus şəhərində yerləşən “Yusif kürsüsü”ndə yerləşir. Ancaq bir çox arxeoloqlar sözügedən türbənin bir neçə əsrlik tarixə malik olduğunu və Yusuf ed-Duveykat adlı müsəlmana aid olduğunu bildirirlər.
Seymur Bənnayev
Sitat.info