Polşa baş nazirinin müavini və milli müdafiə naziri Mariuş Blaşçak Daxili Təhlükəsizlik Agentliyinin zabitlərinin Rusiyanın xeyrinə fəaliyyət göstərən casus şəbəkəsini ifşa etdiyini təsdiqləyib.
Sitat.info xəbər verir ki, o, bu barədə Polşa radiosunun efirində deyib.
“Əlbəttə, bu, casus qrupu idi, onlar Ukraynaya hücum edənlərin, hərbi cinayətlər törədənlərin xeyrinə məlumatlar toplayırdılar, təhlükə real idi”, - baş nazirin müavini bildirib.
O vurğulayıb ki, Ukrayna Rusiya tərəfindən, Polşa isə Belarus ərazisindən hibrid hücuma məruz qalır.
"Şübhə yoxdur ki, biz Rusiyanın öz imperiyasını bərpa etmək qərarına gəldiyi bir dövrdə yaşayırıq. O, həmişə Polşa üçün təhlükə olub. Mən Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşlarının böyük uğurunu vurğulamaq istəyirəm - bütün casus şəbəkəsi ifşa edilib. Bu, Polşa xidmətlərinin ölkəmizin təhlükəsizliyi üçün çox səmərəli işlədiyini sübut edir", - deyə o bildirib.