Polşa prezidenti Anjey Duda yaxın günlərdə Ukraynaya Sovet istehsalı olan 4 MiQ-29 döyüş təyyarəsi göndərəcəklərini bəyan edib.
Sitat.info xəbər verir ki, Ukraynanın Rusiyaya qarşı döyüş təyyarələri tələbi davam edərkən, Kiyevə Varşava rəhbərliyindən dəstək gəldi. Polşa prezidenti Anjey Duda yaxın bir neçə gün ərzində Ukraynaya Sovet istehsalı olan 4 ədəd MiQ-29 göndərəcəklərini açıqlayıb. Duda: “İlk növbədə, 4 təyyarəni tam işlək vəziyyətdə Ukraynaya çatdıracağıq. Digər təyyarələrə texniki qulluq və hazırlıq işləri aparılır".
Polşa Ukrayna hökumətinin döyüş təyyarələri ilə bağlı tələbini yerinə yetirən ilk NATO ölkəsi olacaq.
Digər tərəfdən, Ukrayna prezidenti Volodimir Zelenski əvvəlki açıqlamalarında vurğulamışdı ki, onun ölkəsi Rusiyanın işğalına qarşı effektiv mübarizə aparmaq üçün döyüş təyyarələrinə ehtiyac duyur. Böyük Britaniya və ABŞ isə Ukraynaya F-16 qırıcılarını göndərməkdən imtina etmişdilər.
Qərb ölkələri münaqişənin Ukrayna sərhədlərini keçməsinə səbəb ola biləcəyindən ehtiyat edərək Kiyevə qırıcı təyyarələr göndərməkdən uzaqlaşır.
Seymur Bənnayev
Sitat.info