Fransada etiraz aksiyalarında saxlanılanların sayı 310-a çatıb

12:19 17 Mart 2023

Fransada hökumətin mübahisəli pensiya islahatı qanun layihəsinin Milli Məclisdə səsverməyə çıxarılmadan qəbul edilməsi qərarından sonra başda paytaxt Paris olmaqla ölkənin müxtəlif şəhərlərində keçirilən nümayişlərdə 310 nəfər saxlanılıb. Paris küçələrindəki zibil qalaqları yandırılıb.

Sitat.info xəbər verir ki, Fransada iki aydır kütləvi etirazlara səbəb olan və pensiya yaşının mərhələli şəkildə 64-ə qaldırılmasını ehtiva edən islahat qanun layihəsinin Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndindən istifadə edilərək qəbul edilməsindən sonra küçələr döyüş meydanına çevrilib.

Paytaxt Parisdə Milli Assambleyanın yaxınlığındakı Konkord meydanında polislə nümayişçilər arasında gərginliyin artmasının ardından ara küçələrə dağılan qruplar təmizlik işləri səbəbilə səkilərdə yığılan zibilləri və bəzi avtomobilləri yandırıblar.

Bordo, Lion, Qrenobl, Lil, Nansi, Metz, Nant, Tulon, Amyen, Havr, Montpelye və Renn şəhərlərində baş verən nümayişləri  Polis gözyaşardıcı qazdan istifadə edərəkdağıdıb.

Marseldə etirazçılar bankların şüşələrini sındırıb, vitrinləri zədələyiblər. Səhər saatlarında Fransa mətbuatına verdiyi açıqlamada daxili işlər naziri Gerald Darmanin ölkə daxilində keçirilən nümayişlərdə 258-i Parisdə olmaqla ümumilikdə 310 nəfərin nəzarətə alındığını bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti