Robot "Garmi" yaşlılara qulluq edəcək

11:15 20 Mart 2023

Dünyanın ən sürətlə qocalan ölkələrindən biri olan Almaniyada robotlar yaxın vaxtlarda qocalar üçün qocalar evlərində işləyəcək. “Garmi” adlı robot xəstələrə diaqnoz qoymaq və onlara qulluq etmək kimi bir sıra vəzifələr həyata keçirməsi üçün işə hazırlanır.

Sitat.info xəbər verir ki, "Humanoid Robot Garmi" xəstələrə diaqnoz qoymaqdan tutmuş onlara qulluq və müalicəyə qədər bir sıra imkanlara malikdir. "Garmi" yaşlılara qulluq və tibb bacısı xidmətlərini robot texnikası və proqram təminatı ilə birləşdirən geriatronika adlı yeni sənayenin məhsuludur. "Garmi"nin hazırlanmasında Münhen Texniki Universitetinin onlarla alimi, o cümlədən 78 yaşlı təqaüdçü həkim Guenter Steinebach iştirak edib.

Ölkədə qayğıya ehtiyacı olan insanların sayı sürətlə artsa da, 2050-ci ilə qədər 670.000 baxıcı vəzifəsinin açıq qalacağı gözlənilir. Bu şəraitdə tədqiqatçılar tibb bacıları, baxıcılar və həkimlərin yerinə yetirdiyi bəzi vəzifələri öz öhdəsinə götürə biləcək robotlar hazırlamağa çalışırlar.

Həkimlər ümid edirlər ki, bir gün robotlar tərəfindən qoyulan uzaqdan diaqnozları qiymətləndirə biləcəklər. "Garmi" kimi maşınlar evdə və ya qocalar evində yemək vermək, yıxılma halında köməyə çağırmaq və ya ailə və dostlarla videozəng təşkil etməklə yaşlıların həyatını asanlaşdıra bilər.

"Garmi" indi laboratoriya mühitində stetoskopla ürək döyüntüsünü dinləmək kimi işləri görə bilir. Tədqiqatçılar bu texnologiyanı 2030-cu illərə qədər kommersiyaya təqdim etməyə çalışırlar.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti