Birləşmiş Millətlər Təşkilatı (BMT) Ümumdünya Su Günü çərçivəsində dərc etdiyi hesabatda xəbərdarlıq edib ki, 2050-ci ilə qədər dünyada təhlükəsiz içməli suya çıxışı olmayan insanların sayı iki dəfə artacaq.
Sitat.info xəbər verir ki, Ümumdünya Su Günü BMT tərəfindən hər il martın 22-də qeyd olunur. YUNESKO-nun BMT nəzdində dərc etdiyi Dünya Su İnkişafı Hesabatında dünya üzrə şəhərlərdə təxminən 1 milyard insanın su qıtlığı ilə üzləşdiyi və 2050-ci ildə bu rəqəmin 1,7-2,4 milyarda çatacağı təxmin edilir. Bildirilib ki, 2050-ci ilə qədər şəhərlərin suya tələbatının 80 faiz artacağı gözlənilir. Həmçinin vurğulanıb ki, dünyada təxminən 2 milyard insanın (əhalinin 26 faizi) təhlükəsiz içməli suya, 3,6 milyard insanın (əhalinin 46 faizi) isə təhlükəsiz idarə olunan kanalizasiyaya çıxışı yoxdur. Vurğulanıb ki, hazırda 2-3 milyard insan ildə ən azı 1 ay su çatışmazlığından əziyyət çəkir. Əhali artımı və dəyişən istehlak vərdişlərinin təsiri ilə su istifadəsi son 40 ildə ildə 1 faiz artmışdır.
Hesabata görə, hazırda suyun bol olduğu bölgələrdə, o cümlədən Mərkəzi Afrika, Şərqi Asiya və Cənubi Amerikanın bəzi bölgələrində mövsümi su qıtlığı artacaq. Yaxın Şərq və Afrikanın onsuz da su sıxıntısı yaşayan Sahel bölgəsində vəziyyət daha da pisləşəcək.
Məğrur
Sitat.info