Medvedev: Almaniyanın Putini həbs etməsi Rusiyaya müharibə elanı olacaq

17:29 23 Mart 2023

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, Almaniya Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderini öz ərazisində həyata keçirərsə, bu, Rusiyaya qarşı müharibə elanı ilə eyni olacaq.

Sitat.info xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiya mətbuatına müsahibə verib. Medvedev Almaniyanın ədliyyə naziri Marko Buşmanın BCM-nin qəbul etdiyi qərar çərçivəsində Rusiya prezidenti Vladimir Putinin Almaniyaya gələcəyi təqdirdə həbs ediləcəyi ilə bağlı açıqlamasını dəyərləndirib.

Medvedev deyib: “Təsəvvür edək, açığı, bu, heç vaxt baş verməyəcək bir vəziyyətdir, amma təsəvvür edək ki, hər halda baş verir. Nüvə dövlətinin başçısı (Putin) Almaniyaya getdi və həbs olundu. Bu nə deməkdir? Bu, Rusiya Federasiyasına qarşı müharibə elanı olardı. Bu halda bizim bütün raketlərimiz Bundestaq (Almaniya Federal Məclisi) və kanslerin (Almaniya Baş naziri Olaf Şolz) ofisinə uçacaq".

Böyük Britaniyanın Ukraynaya tükənmiş uran tərkibli sursatlar göndərmək planına toxunan Medvedev: "Ukraynaya hər gün xarici silahların çatdırılması nüvə apokalipsisini daha da yaxınlaşdırır",- deyə bildirib.

Qeyd edək ki, digər tərəfdən, ötən cümə günü Beynəlxalq Cinayət Məhkəməsi uşaqları Ukraynadan qanunsuz deportasiya etməkdə ittiham etdiyi Putinin həbsinə order vermişdi.

Seymur Bənnayev

Sitat.info

 



Xəbər xətti