Çexiya prezidenti Petr Pavel bəyan edib ki, ölkəsi Rusiyaya qarşı müharibədə Ukraynaya kömək etmək üçün əlindən gələni edir. Artıq kömək etmək imkanlarının qalmadığına diqqət çəkən Pavel, işçi qüvvəsinin döyüş sursatı istehsal etmək üçün kifayət etmədiyini bildirib.
Sitat.info xəbər verir ki, bu ay Çexiyada and içən prezident Petr Pavel Almaniyanın “Suddeutsche Zeitung” jurnalına müsahibə verib. Prezident Pavel bəyan edib ki, Çexiya Ukraynaya kömək etmək üçün əlindən gələni edir.
Ölkəsindəki işçi qıtlığı səbəbindən daha çox sursat istehsal etmək imkanlarının məhdud olduğunu vurğulayan Pavel: “Biz təkcə öz ehtiyatlarımızdan (sursat) tədarük etmədik, həm də xaricdən material aldıq”,-deyə bildirib.
Pavel vurğulayıb ki, Çexiya hələ də Ukraynanın ehtiyac duyduğu bəzi hava hücumundan müdafiə sistemləri və sursatları istehsal etmək imkanlarına malikdir, lakin onun ölkəsində işçi qüvvəsi kifayət deyil.
“Avropada ən aşağı işsizlik nisbətlərindən birinə sahibik. İşçi tapmaq çətindir. Amma Ukraynadan işçi gətirmək imkanları var”,- Pavel bildirib.
Çexiya Müdafiə Nazirliyinin məlumatına görə, Praqa administrasiyası Kiyevə 2,3 milyard avro dəyərində silah verib. Ölkə təhlükəsizlik baxımından aldığı silah növlərini açıqlamır.
Seymur Bənnayev
Sitat.info