İsrail Prezidenti İshaq Hersoq hökuməti məhkəmə islahatlarının qəbul edilmə prosesini dərhal dayandırmağa çağırıb.
“Qafqazinfo” xəbər verir ki, İsrail Prezidenti bununla bağlı öz rəsmi tviter hesabında paylaşım edib.
“İsrail xalqının birliyi, eləcə də məsuliyyət naminə sizi qanunvericilik prosesini dayandırmağa çağırıram. Milli təhlükəsizlik, iqtisadiyyat, cəmiyyət, hər şey təhlükə altındadır”, - deyə Hersoq bildirib.
Qeyd edək ki, İsraildə müdafiə naziri Yoav Qalantın istefaya göndərilməsindən sonra martın 26-sı ölkədə kütləvi etiraz aksiyası başlayıb. Qalantın istefa xəbərini ölkənin Baş naziri Benyamin Netanyahu elan edib. Qalant məhkəmə islahatlarının dayandırılmasının tərəfdarı olduğunu bəyan etdikdən sonra Baş nazir bu barədə qərar qəbul edib. Xarici KİV-in məlumatına görə, etiraz aksiyasında 600 mindən çox şəxs iştirak edib. Aksiya zamanı polislə etirazçılar arasında qarşıdurma yaranıb.
Xatırladaq ki, İsraildə Nazirlər Kabinetinə qarşı ilk kütləvi etirazlar yanvarın əvvəli başlayıb. Aksiya iştirakçıları ölkənin Nazirlər Kabinetinin təklif etdiyi məhkəmə islahatına etiraz ediblər. Məhkəmə sistemində islahatları nəzərdə tutan qanun layihəsi fevralın 20-si birinci oxunuşda qəbul edilib. Dəyişikliklər hökumətin hakim seçimi ilə bağlı səlahiyyətini genişləndirir, eləcə də Ali Məhkəmənin qanunları ləğv etmək səlahiyyətini məhdudlaşdırır.