Əfqanıstanda partlayış nəticəsində ölənlərin sayı 6-ya çatıb

18:55 27 Mart 2023

Əfqanıstanın paytaxtı Kabildə Xarici İşlər Nazirliyinin binası yaxınlığında intiharçı hücumu nəticəsində həyatını itirənlərin sayı 6 nəfərə çatıb.

Sitat.info xəbər verir ki, Kabildə Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş verən partlayışın intiharçı hücumu olduğu üzə çıxıb.

Kabil Təhlükəsizlik Komandanlığının sözçüsü Xalid Zadran: "Malik Əsgər meydanında hədəfinə çatmamış bir kamikadze nəzarət-buraxılış məntəqəsində aşkar edilərək öldürülüb. Lakin partlayıcılar işə düşüb", - deyə bildirib. 

Zadran hadisədə 6 nəfərin həyatını itirdiyini, 3-ü mühafizəçi olmaqla çoxlu sayda insanın yaralandığını bildirib.

İtaliya Təcili Tibbi Yardım Xəstəxanasından edilən yazılı açıqlamada: "1-i uşaq olmaqla 12 yaralı xəstəxanamıza gətirildi. Digər 2 yaralı isə xəstəxanaya aparılarkən yolda öldü", - bildirib.

Məğrur

Sitat.info



Xəbər xətti