Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Rusiya prezidenti Vladimir Putinin qərarı ilə bağlı deyib: “Biz hadisələri yaxından izləməyə davam edirik və hələ də nüvə silahından çəkindirmə ilə bağlı strateji mövqeyimizi dəyişməyimizə səbəb olacaq heç nə görməmişik”.
Sitat.info xəbər verir ki, Kirbi onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Kirbi, İsraildə siyasi böhrana səbəb olan "məhkəmə islahatı" planı səbəbiylə yaşanan hadisələrdən "dərin narahat olduqlarını" ifadə edərək, hadisələri yaxından izlədiklərini və tərəfləri konsensusa gəlməyə çağırdıqlarını bildirib.
Kirbi, ABŞ prezidenti Co Baydenin də İsrailin baş naziri Binyamin Netanyahu ilə bağlı "çox açıq" narahatlığını ifadə etdiyini və demokratik sistemdə köklü dəyişikliyin konsensusa əsaslanması lazım olduğu fikrini bölüşdüyünü bildirib.
Koordinator Kirbi deyib ki, Bayden İsraildə vətəndaş müharibəsindən narahat deyil.
Rusiya və İranın kibermüharibə sahəsində əməkdaşlığı inkişaf etdirməyi planlaşdırdığı xəbəri ilə bağlı suala Kirbi cavab verib ki, bu xəbərlər həyəcan vericidir.
Kirbi iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşməsinə diqqət çəkərək, kiber əməkdaşlıqdakı inkişafları da araşdıracaqlarını ifadə edib.
Kirbi qeyd edib ki, İranın dəstəklədiyi milis qruplarının Suriyadakı ABŞ obyektlərinə hücumları ilə bağlı son 36 saat ərzində heç bir hücum olmayıb.
ABŞ-ın Suriyadakı varlığında heç bir dəyişiklik olmadığını deyən Kirbi terror təşkilatı DEAŞ ilə mübarizəni davam etdirəcəklərinin vurğulayıb.
Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarına gəlincə, Kirbi Moskvanın kütləvi qırğın silahlarından və ya nüvə silahından istifadə etmək qərarına gəldiyinə dair heç bir əlamət görmədiklərini söyləyib.
Seymur Bənnayev
Sitat.info