Polşada Rusiya və Belarusun xeyrinə casusluq etdiyi iddia edilən iki nəfər 3 ay müddətinə həbs edilib. Həbs edilən şəxslərin xarici ölkə vətəndaşları olduğu və Polşanın kritik infrastruktur və təhlükəsizlik bölmələri ilə bağlı topladıqları məlumatları Rusiya və Belarus hakimiyyətinə çatdırdıqları bildirilib.
Sitat.info xəbər verir ki, Polşa Hərbi Kəşfiyyat Xidmətinin (SKW) əməkdaşları Rusiyaya casusluq etdiyi iddiası ilə bir nəfəri saxlayıb. Sözügedən şəxsin xarici ölkə vətəndaşı olduğu, Kuyavia-Pomerania və Pomerania bölgəsindəki kritik infrastruktur və təhlükəsizlikdən məsul xidmətlər haqqında topladığı məlumatları Rusiyaya çatdırdığı ifadə edildi.
Şəxsiyyəti açıqlanmayan şəxsin ötən yanvar ayından Polşada olduğu müəyyən edilib. Sözügedən şəxs dindirilərkən Rusiyaya casusluq ittihamını etiraf edərkən, Rusiyaya casusluq etməyə necə inandırıldığını da ətraflı izah edib.
O, Qdansk Rayon Prokurorluğunun tələbi ilə gətirildiyi məhkəmə tərəfindən 3 ay müddətinə həbs edilib.
Digər tərəfdən, Polşanın Xüsusi Xidmətlər üzrə Koordinator müavini Stanislav Zarin daha bir xarici vətəndaşın Belarusa casusluq etdiyi üçün saxlanıldığını açıqlayıb. Stanislav Zarin, Polşa Silahlı Qüvvələrinin binaları da daxil olmaqla, Polşanın təhlükəsizliyi üçün kritik əhəmiyyət daşıyan binalar haqqında kəşf etdiyi iddia edilən şəxsin də 3 ay müddətinə həbs edildiyini bildirib. Bu şəxsin də kimliyi açıqlanmayıb.
Qeyd edək ki, martın ortalarında Polşa Daxili Təhlükəsizlik Agentliyi (ABW) Rusiya adına casusluq edən şəbəkəyə qarşı əməliyyat keçirib və əməliyyat çərçivəsində saxlanılan 9 nəfərdən 6-sı həbs edilib.
Polşa qanunlarına görə, xarici dövlətin adından casusluq edənləri 10 ilə qədər həbs gözləyir.
Məğrur
Sitat.info