Səudiyyə Ərəbistanı və Qətər radikal yəhudi mühacirlər tərəfindən işğal olunmuş Şərqi Qüdsdəki Əl-Əqsa məscidinə basqınları pisləyib.
Sitat.info xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, işğal altındakı Qüds şəhərində Əl-Əqsa məscidinə edilən basqınlar sülh səylərinə zərbə vurur.
İsrail qüvvələrinin himayəsi altında yəhudi məskunlaşanların Məscidül-Əqsada həyata keçirdiyi basqınların dini ziyarətgahlara hörmət kontekstində beynəlxalq prinsip və normalara zidd olduğu xatırladılan bəyanatda, Səudiyyə Ərəbistanının problemin hərtərəfli ədalətli həlli istiqamətində səylərini dəstəklədiyi bir daha vurğulanıb.
Qətər Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada onlarla yəhudinin Məscidül-Əqsaya basqın etməsi şiddətlə pislənilib.
Açıqlamada “Məbəd Qrupu”nun Ramazan ayında Məscidül-Əqsaya basqınlarının saatlarını uzatmaq üçün İsrail polisi ilə razılığa gəldiklərini açıqlamasının təhlükəli gərginliklərə səbəb ola biləcəyi xəbərdarlığı edilərək, dünyada 2 milyarddan çox müsəlmanın inanc hisslərinə mənfi təsir etdiyi və bunun da beynəlxalq hüququ pozduğu vurğulanıb.
Fələstinlilərin hüquqlarına yönəlmiş bu sistematik siyasətlərin nəticəsində yaranacaq zorakılıq dövrü üçün İsrail rəsmilərinin məsuliyyət daşıdığı bildirilən bəyanatda beynəlxalq ictimaiyyət Fələstin ərazilərində bu pozuntuların qarşısını almağa çağırılıb.
Qeyd edək ki, İsrail qüvvələrinin himayəsi altında 85 radikal yəhudi, Əl-Əqsa məscidinə təxribat xarakterli basqınlar həyata keçirib və müqəddəs hərəmdə Talmud ayinləri keçirmişdi.
Seymur Bənnayev
Sitat.info