ABŞ-nin Tennessi ştatının Neşvill şəhərində özəl xristian məktəbinə silahlı hücumun görüntüləri yayılıb.
“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, terror aktı 28 yaşlı transseksual Odri Elizabet Heyl tərəfindən törədilib.
Neşvill polisi hadisənin görüntülərini yayıb. Videoda Heylin öz maşını ilə məktəbə gəldiyi, avtomatla içəri girdiyi, daha sonra əlindəki silahla məktəbdə qarşısına çıxan insanlara atəş açmağa başladığı görünür.
Qeyd edək ki, terror aktı nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər həlak olub. Odri Heyl isə polislər tərəfindən zərərsizləşdirilib.
ABŞ mətbuatı hücumçunun son mesajlarını əldə edib. Heyl mesajları məktəbdən olan dostu Averianna Pattona göndərib. Onun instaqram hesabındakı mesajında aşağıdakı ifadələr yer alıb: “Bu gün ölməyi planlaşdırıram... Yəqin ki, xəbərlərdə mənim barmədə eşidəcəksiniz. Bu mənim son vidamdır. Mən səni sevirəm. Başqa həyatda görüşənədək”.
Neşvill polis rəisi Con Dreyk Heylin məktəbin keçmiş şagirdlərindən biri olduğunu və hücumu məktəbə getmək məcburiyyətinə görə onda yaranan qəzəblə bağlı törədə biləcəyini bildirib.
Bundan əlavə, səlahiyyətlilər insident zamanı Heylin üzərində iki ədəd avtomatik tüfəng və tapança olduğunu, evində isə ov tüfəngi aşkarladıqlarını açıqlayıb.
Qeyd edək ki, “Education Week” nəşrinin tərtib etdiyi məlumatlara görə, 2023-cü il martın 23-dək ABŞ-da ölüm və ya yaralanma ilə nəticələnən 12 məktəb atışması baş verib.