Günəş fırtınası Yer kürəsini vuracaq

11:07 30 Mart 2023

NASA bir həftə ərzində Günəşdə iki qaranlıq ləkə müşahidə edib. Bu qara ləkələrin yaratdığı günəş küləklərinin sabah Yerə çatacağı gözlənilir. Günəş fırtınasının rabitə vasitələrinə, elektron cihazlara və internetə təsir göstərə biləcəyi barədə xəbərdarlıq edilib.

Sitat.info xəbər verir ki, ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) bir həftə ərzində Günəşin səthində ikinci qaranlıq ləkə aşkar edib. Təxminən 20 Yer ölçüsündə "tac dəliyi" adlanan bu qara nöqtə planetimiz üçün təhlükəli olmasa da, Yerə müəyyən təsir göstərə bilər.

NASA-nın ötən gün təsbit etdiyi "tac dəliyi" Günəşin maqnit sahəsinin kosmosa səpilməsi nəticəsində əmələ gələn bir quruluşdur. NASA tərəfindən müşahidə edilən bu qara nöqtənin planetimizə doğru saatda 2,8 milyon kilometr sürətlə hərəkət edən günəş küləyi əmələ gətirəcəyi gözlənilir. Sabah Yerə çatacağı təxmin edilən küləklərin planetin maqnit sahəsinə və müvafiq olaraq peyk əlaqələrinə və texnoloji infrastruktura təsir edə biləcəyindən ehtiyatlanır.

Bu, NASA-nın bir həftə ərzində müşahidə etdiyi ikinci koronal dəlik idi. Birincisi martın 23-də aşkar edilib və ABŞ-ın cənubundakı Arizona ştatında auroralar əmələ gətirib. Günəş Fırtınası Yer üçün birbaşa təhlükə yaratmasa da, nə qədər güclü olmasından asılı olaraq, peyklərə, elektrik xətlərinə, elektron infrastruktura, internetə və GPS koordinatlarına zərər verə bilər.

Qeyd edək ki, Müəyyən dövrlərdə baş verən günəş fırtınaları səmada bənövşəyi və yaşıl auroralar yaradır.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti