Pakistanın Xeybər Paxtunxva əyalətində silahlıların polis məntəqəsinə və ora dəstək üçün gələn təhlükəsizlik işçilərinə hücumu nəticəsində 4 polis həyatını itirib, 6-sı yaralanıb.
Sitat.info xəbər verir ki, milli medianın məlumatına görə, yaraqlılar gecə saatlarında Lakki Marvat rayonunda Səddar Polis İdarəsinə hücum ediblər.
Hücum xəbərindən sonra kömək üçün bölgəyə gələn polis maşını bombalı hücumun hədəfinə çevrilib.
Partlayışda 4 polis həyatını itirərkən, 6 polis də yaralanıb.
Baş nazir Şahbaz Şərif Twitter hesabından verdiyi açıqlamada polisin terrora qarşı göstərdiyi fədakarlıqların unudulmayacağını bildirib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Son aylar Pakistanda, xüsusən də Xeybər Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.
İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir.
Qeyd edək ki, yanvarın 30-da Pakistanın Peşəvər şəhərində günorta namazı zamanı məscidə intiharçı hücumu nəticəsində əksəriyyəti polis olmaqla 102 nəfər həlak olmuşdu.
Martın 6-da Bəlucistanda intiharçı hücumunda isə 10 polis həyatını itirmişdi.
Seymur Bənnayev
Sitat.info