Martın 19-da keçirilən seçkilərdə Alihan Smayılovun rəhbərlik etdiyi hökumət konstitusiyanın tələb etdiyi kimi istefa verdikdən sonra seçkilərdə qalib gələn Əmanət Partiyasının lideri Alihan Smayılov yenidən baş nazir olub.
Sitat.info xəbər verir ki, Qazaxıstanda martın 19-da parlamentin aşağı palatası üçün keçirilən seçkilərdən sonra konstitusiyaya əsasən, dünən baş nazir Alihan Smayılovun rəhbərlik etdiyi müvəqqəti hökumət istefa verib. Qazaxıstan prezidenti Kasım Cömert Tokayevin iştirakı ilə keçirilən parlament iclasında yeni baş nazir namizədinin seçilməsi müzakirə edilib.
Çıxışında 19 mart parlament seçkilərində ən çox səs toplayan partiyanın baş nazir namizədini irəli sürəcəyi ilə bağlı sözlərini xatırladan Tokayev bildirib: “Bu gün Əmanət Partiyası namizədliyini irəli sürdü və fikrinizi aldıq. Alihan Smayılovu baş nazir kimi tövsiyə edirəm. Hesab edirəm ki, o, hökumətin qarşıya qoyduğu hədəfləri çox yaxşı bilir. Ona görə də ona etibar etmək olar”.
Tokayevin çıxışından sonra 97 deputatdan 82-si Smayılovun namizədliyini dəstəkləyib.
Qazaxıstan prezidentinin bəyanatında bildirilir ki, prezident Tokayev Smayılovun yenidən baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, 50 yaşlı baş nazir Smayılov ötən ilin yanvarından baş nazir vəzifəsinə gəlmişdi.
Məğrur
Sitat.info