Filippinin cənubunda 250 sərnişin və ekipajın olduğu bərədə baş verən yanğın nəticəsində 31 nəfər ölüb.
Sitat.info xəbər verir ki, Basilan əyalətinin qubernatoru Cim Hataman bildirib ki, Sulu əyalətinin Jolo şəhərinə gedən bərə Basilan yaxınlığında gecə yarısına yaxın alovlanıb. 31 nəfərin öldüyünü bildirən Hataman, itkin düşən ən az 7 sərnişinin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Xilas edilən sərnişinlərin yanğın böyüyərkən bərədən atıldığını və sahil mühafizəsi, donanma və balıqçıların köməkliyi ilə dənizdən çıxarıldığını bildirən Hataman, ən az 23 sərnişinin yaralanaraq xəstəxanalara aparıldığını qeyd edib.
Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Qeyd edək ki, 1987-ci ilin dekabrında Filippin bayraqlı Dona Paz bərəsi yanacaq tankeri ilə toqquşduqdan sonra batmışdı. 4300-dən çox insanın həyatını itirdiyi qəza dünyanın sülh dövründəki ən pis dəniz fəlakəti olaraq qeydə alınmışdı.
Məğrur
Sitat.info