Cənubi Koreyada dərc edilən hesabatda Şimali Koreya vətəndaşlarının Cənubi Koreya videolarının paylaşılması, narkotik cinayətləri və dini fəaliyyətlər kimi səbəblərə görə edam edildiyi bildirilib.
Sitat.info xəbər verir ki, Cənubi Koreyanın Birləşmə Nazirliyinin yaydığı 450 səhifəlik hesabatda Şimali Koreya vətəndaşlarının ölüm cəzası tələb etməyən müxtəlif cinayətlərə görə edam edildiyi bildirilib. 2017-2022-ci illər arasında ölkəsini tərk edən 500-dən çox Şimali Koreya vətəndaşının verdiyi açıqlamalara əsasən, Şimali Koreya xalqının həyat haqqının təhdid altında olduğu bildirilib. Məlumata görə, Şimali Koreyada ölüm cəzası narkotik cinayətləri, Cənubi Koreya videolarının paylaşılması və dini fəaliyyətlər kimi səbəblərə görə verilir.
Kütləvi edamlar, işgəncələr və əsassız həbslərlə bağlı məlumatların yer aldığı hesabatda ictimai yerlərdə, həbs düşərgələrində və bir çox yerlərdə dövlət tərəfindən insan haqları pozuntularına yol verildiyi də diqqətə çatdırılıb. Hesabatda insanların saxlama mərkəzlərində öldürüldüyü və işgəncələrə məruz qaldığı, sərhədi keçməyə cəhd edən bəzi Şimali Koreyalıların tutulduqdan dərhal sonra edam edildiyi bildirilib.
Cənubi Koreya lideri Yoon Suk Yeol bildirib ki, hesabat beynəlxalq ictimaiyyəti Şimali Koreyanın "dəhşətli" təcrübələri barədə məlumatlandırıb.
Cənubi Koreyanın Birləşmə Nazirliyinin məlumatlarına görə, bu günə qədər təxminən 34.000 Şimali Koreyalı Cənubi Koreyada məskunlaşıb. Lakin Şimali Koreya sərhəddə təhlükəsizliyi artırdıqca, ölkədən qaçanların sayı kəskin şəkildə azalıb. Nazirliyin məlumatına görə, 2021-ci ildə Şimali Koreyadan Cənubi Koreyaya 63, 2022-ci ildə isə 67 nəfər qaçıb.
Seymur Bənnayev
Sitat.info