Avstriyada ifrat sağçı Avstriya Azadlıq Partiyasının (AAP) deputatları Ukrayna prezidenti Volodimir Zelenskinin Milli Assambleyaya müraciətinə etiraz edərək zalı tərk ediblər.
Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski müharibənin 400-cü günündə Avstriya Milli Assambleyasının xüsusi iclasında videokonfrans vasitəsilə çıxış edib. Zelenski danışmağa başlayanda ifrat sağçı Avstriya Azadlıq Partiyasının (AAP) deputatları ayağa qalxaraq zalı tərk ediblər. Zalı tərk edən deputatlar masalarının üzərində “bitərəflik məkanı” və “sülh məkanı” sözləri yazılmış plakatlar qoyublar. AAP deputatları Zelenskinin müraciətinin Avstriyanın neytral mövqeyini sarsıtdığını bildiriblər.
Zelenski isə yanvar ayında baş verən vertolyot qəzasında bədənlərində yanıqlar olan ukraynalıların Vyana, Linz və Qrazdakı xəstəxanalarda müalicə aldığını xatırladıb və Avstriyaya təşəkkür edib. Zelenski deyib: “Baş nazir cənab Nehammer və Avstriya hökumətinin bu cür yardım təklifi dəstəyin mühüm əlaməti idi. Biz Ukraynada hər bir həyatı qiymətləndiririk və insanları xilas etməkdə bizə kömək edənlərə necə minnətdar olmağı bilirik". Neytrallığın mənəvi deyil, hərbi və geosiyasi olduğunu vurğulayan Zelenski, Ukraynaya humanitar dəstəyinə görə Avstriyaya təşəkkürünü bildirib.
Digər tərəfdən, AAP daha əvvəl Zelenskinin çıxışına etiraz edəcəklərini açıqlamışdı. AAP lideri Herbert Kickl dünən verdiyi açıqlamada: "Təəssüf ki, AAP parlamentdə daimi bitərəfliyimizə ciddi yanaşan və buna görə də sülhü müdafiə edən yeganə partiyadır", - bildirib.
Seymur Bənnayev
Sitat.info