Aprelin 3-də Malayziya parlamenti məcburi ölüm hökmünün ləğvi ilə bağlı qanun layihəsini qəbul edib.
Sitat.info “Bernama”ya istinadla xəbər verir ki, məcburi ölüm cəzası Malayziyada adam öldürmə, narkotik ticarəti, terrorizm, adam oğurluğu və odlu silah kimi 11 ağır cinayətə görə ən yüksək cəzadır.
Bundan əvvəl günahı sübuta yetirilərsə, hökm çıxaran hakimin belə bir tədbiri ədalətli hesab edib-etməməsindən asılı olmayaraq, ölüm hökmü tətbiq edilirdi.
Malayziya hökuməti 2018-ci ildə edamlara və onların icrasına moratorium qoyub. Həmin müddət ərzində 1.300-dən çox məhkum məcburi ölüm cəzasına məhkum edilib və indi onların işə baxmaq hüququ var.
Mənbənin məlumatına görə, Malayziyanın hüquq məsələləri üzrə nazirinin müavini Ramkarpal Sinq vurğulayıb ki, məcburi ölüm hökmünün ləğvi son cəza olaraq ölüm hökmünün tamamilə ləğvi demək deyil.
“Bəzi hallarda ölüm hökmü hələ də saxlanılır. Amma indi biz yuxarı məhkəmə orqanlarına etibar edəcəyik. Belə bir qərar onların mülahizəsinə əsasən verilə bilər”, - deyə Sinq bildirib.