Rusiyanın paytaxtı Moskvada Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin müavinləri arasında keçirilən dördtərəfli görüş başa çatıb. Rusiya Xarici İşlər Nazirliyi tərəflərin danışıqları davam etdirmək qərarına gəldiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin müavinlərinin Rusiyanın paytaxtı Moskvada Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün keçirilən dördtərəfli texniki toplantı dünən və bu gün başa çatıb.
Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasının müzakirə edildiyi görüşdən sonra Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada: “3-4 aprel tarixlərində Moskvada Rusiya İran, Suriya və Türkiyə xarici işlər nazirlərinin müavinləri səviyyəsində dördtərəfli məsləhətləşmələr keçirilib. Bu ölkələrin (Türkiyə və Suriya) xarici işlər nazirləri görüşə hazırlıq məsələləri müzakirə edib. İştirakçılar birbaşa və səmimi şəkildə öz yanaşmalarını müəyyənləşdirib və təmasları davam etdirmək barədə razılığa gəliblər", - deyə məlumatda bildirilir. Dördtərəfli görüşdə xarici işlər nazirinin müavini Burak Akçapar, Suriya xarici işlər nazirinin müavini Ayman Susan, İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müşaviri Əli Əsgər Hacı və Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov iştirak edib.
Akçapar Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko ilə də görüşüb. Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Rusiya-Türkiyə gündəliyinin cari məsələləri, o cümlədən ticarət-iqtisadi əlaqələrin inkişafı, enerji sektorunda birgə strateji layihələrin həyata keçirilməsi, ikitərəfli münasibətlərin mədəni və humanitar aspektləri müzakirə olunub.
Qeyd edək ki, Akçapar daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin ilə görüşüb və görüşdə Taxıl Müqaviləsi müzakirə edilib.
Məğrur
Sitat.info