Amerikanın biznes jurnalı Forbesin Milyarderlər Siyahısındakı adamların sayı bu il 2640 nəfərə endiyi halda, milyarderlərin ümumi sərvəti 500 milyard dollar azalaraq 12,2 trilyon dollara düşüb.
Sitat.info xəbər verir ki, Forbes-in bu il 37-ci dəfə dərc etdiyi Milyarderlər Siyahısına görə, dünya üzrə milyarderlərin sayı əvvəlki illə müqayisədə 28 nəfər azalaraq 2640-a düşüb və ardıcıl ikinci azalma qeydə alınıb.
İqtisadi təlatüm dövlət və özəl sektoru vurduqca milyarderlərin sərvəti 500 milyard dollar azalaraq 12,2 trilyon dollara düşüb.
Ötən il Twitter-i yüksək qiymətə aldıqdan sonra sahibi olduğu Tesla şirkətinin səhmləri düşən İlon Mask milyarderlər siyahısında 1-ci yerdən 2-ci yerə düşüb. Maskın sərvəti keçən illə müqayisədə 39 milyard dollar azalaraq təxminən 180 milyard dollar olaraq hesablanıb.
Lüks mallar nəhəngi LVMH-nin sədri Bernard Arnault 211 milyard dollar sərvətlə siyahıya başçılıq edir. Beləliklə, ilk dəfə olaraq siyahının başında Fransa vətəndaşı olub.
Seymur Bənnayev
Sitat.info