İran 7 ildən sonra Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfir təyin etdiyini açıqlayıb.
Sitat.info İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi Rza Əmirini Əbu-Dabiyə səfir təyin edib.
Qeyd olunub ki, Əmiri tezliklə yeni işinə başlamaq üçün Əbu-Dabiyə gedəcək.
Xarici İşlər Nazirliyinin xaricdəki iranlıların baş direktoru Rza Əmiri bundan əvvəl İranın Əlcəzair, Sudan və Eritreyadakı səfiri vəzifəsində çalışıb.
Qeyd edək ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimr də daxil olmaqla 47 nəfər “terrorçuluq” ittihamı ilə edam edilmiş, edamlara reaksiya verən İran rəsmilərinin açıqlamalarından sonra Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi və Məşhəd şəhərindəki konsulluq binaları iranlı nümayişçilər tərəfindən yandırılmışdı.
Bundan sonra Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və Sudan İranla diplomatik əlaqələri kəsib, BƏƏ isə münasibətlərini müvəqqəti işlər vəkili səviyyəsinə endirib və Tehran səfiri vəzifəsində çalışmış Seyf Məhəmməd Ubeyd əz-Zəbini ölkəsinə geri çağırmışdı.
İki ölkə arasında aparılan danışıqlar nəticəsində 2016-cı ildə BƏƏ-nin Tehrandakı səfiri olarkən ölkəsinə geri çağırılan Seyf Muhammed Ubeyd ez-Zəbi təxminən 7 illik fasilədən sonra 9 sentyabr 2022-ci ildə İrana gəlmişdi.
Məğrur
Sitat.info