Fransada kütləvi etirazlara və tətillərə səbəb olan pensiya islahatı ilə bağlı hökumətlə həmkarlar ittifaqı nümayəndələri arasında keçirilən görüş heç bir nəticə verməyib.
Sitat.info xəbər verir ki, Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını ehtiva edən mübahisəli pensiya islahatının geri çəkilməsini istəyən həmkarlar ittifaqı nümayəndələri paytaxt Parisdə baş nazir Elizabet Borne ilə görüşüb.
Sabah ölkədə keçiriləcək tətil və etiraz aksiyalarının 11-ci raundundan bir gün əvvəl keçirilən və 1 saata yaxın davam edən toplantıda konsensus əldə olunmayıb.
Görüşdən sonra Parisin görməli yerlərindən biri olan Zəfər tağı üzərində “64-ə yox” yazısı olan nəhəng pankart asılıb. Ümumi Əmək Konfederasiyasının (ÜƏK) baş katibi Sofi Binet jurnalistlərə açıqlamasında bildirib: "Biz bu lazımsız görüşü dayandırmaq qərarına gəldik. Baş nazir bizi yenidən küçələrə göndərməyi seçdi. Biz radikallaşmış, inadkar hakimiyyətlə üz-üzə qalmışıq. Bu, küçələrə çıxan milyonlarla fransızın üzünə bir şillə idi".
Fransa Demokratik Əmək Konfederasiyasının (FDƏK) lideri Laurent Berger deyib: “Yanvar ayından etibarən ictimaiyyət bu islahatın əleyhinə getdikcə daha çox çıxış edir".
Berger sabah ölkə daxilində keçiriləcək nümayişlərdə "iştirak etmək üçün maksimum sayda işçiyə" çağırış edib.
"Biz heç nə olmamış kimi danışıqlar masasına qayıtmayacağıq", - FDƏK lideri Siril Çabanier deyib.
Çabanier bildirib ki, həmkarlar ittifaqları Baş nazir Borneyə mübahisəni həll etməyin yeganə yolunun hökumətin islahatları geri götürməsi olduğunu bildirib.
Məğrur
Sitat.info