Kreml: Putin Moskvada İbrahim Kalınla görüşüb

20:20 6 Aprel 2023

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Moskvada Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalınla görüşdüyünü bildirib.

Sitat.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın və Rusiya prezidenti Vladimir Putinin paytaxt Moskvada görüşdüyünü açıqlayıb.

Jurnalistlərin suallarını cavablandıran Peskov bildirib: "Belə bir görüşün baş tutması doğrudur. Bu görüşdə Akkuyu Atom Elektrik Stansiyası da daxil olmaqla, ölkələrimizin gündəmində olan böyük enerji layihələrinin icra prosesləri müzakirə olunub. Təbii ki, bu görüş zamanı yanacağın stansiyaya təhvil verilməsi mərasiminin necə keçiriləcəyi də müzakirə olundu”.

Peskov həmçinin bəyan edib ki, Rusiya AES-in açılış mərasimində lazımi səviyyədə iştirak edəcək.

Qeyd edək ki, Mersində tikilən Akkuyu Atom Elektrik Stansiyasının açılışı aprelin 27-də olacaq. Prezident Rəcəb Tayyib Ərdoğan ötən həftə Rusiya prezidenti Putinin mərasim üçün Türkiyəyə gələ biləcəyini və ya onlayn şəkildə iştirak edə biləcəyini açıqlamışdı. Kremlin sözçüsü Peskov verdiyi açıqlamada Putinin açılış mərasimində iştirak edib-etməyəcəyi ilə bağlı hələlik qərarın verilmədiyini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti