Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin müqavilə ilə məxsus olduğu Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası baş məşqçisi və idman direktoru Ante Çaçiçlə vidalaşıb.
Sitat.info-nun klubun rəsmi saytına istinadən məlumatına görə, 70 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Təcrübəli baş məşqçi ilə yolların ayrılmasına Zaqreb təmsilçisinin son vaxtlar qeyri-sabit çıxışı səbəb olub. 27 turdan sonra 60 xalla turnir cədvəlinə başçılıq edən "Dinamo" son 5 matçda 2 məğlubiyyət, 2 heç-heçə və 1 qələbə ilə yadda qalıb.
Qeyd edək ki, Mahir Emreli qış fasiləsində Türkiyə "Konyaspor"una icarəyə verilib. 26 yaşlı hücumçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.