Yəmən: İrana məxsus 3 ton narkotik yüklü gəmi ələ keçirilib

11:51 7 Aprel 2023

Yəmən hökuməti İrana məxsus 3 ton narkotik daşıyan gəminin ələ keçirildiyini bildirib.

Sitat.info xəbər verir ki, Yəmənin informasiya naziri Müəmmər əl-İryani verdiyi yazılı açıqlamada, sahil mühafizə qüvvələrinin ölkənin şərqindəki Mahra əyaləti sahillərində İran gəmisini ələ keçirdiyini bildirib.

Gəmidə 3173 kiloqram narkotik maddənin ələ keçirildiyini bildirən İryani 7 İran vətəndaşından ibarət ekipajın nəzarətə alındığını bildirib.

İnformasiya naziri İryani Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasından "İranın bölgəni silahlı milislər və narkotik daşınması ilə doldurmaq səylərini" pisləməyi xahiş edib.

İran rəsmiləri hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, Yəməndə İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri 2015-ci ilin mart ayından husilərə qarşı Yəmən hökumətinə dəstək verir.

Məğrur

Sitat.info

 



Xəbər xətti