“Araz Naxçıvan”ın əvəzedici komandası Bakıda məskunlaşa bilər

10:31 14 Aprel 2023

Premyer Liqaya vəsiqəni təmin edən “Araz Naxçıvan” elitaya buraxılacağı təqdirdə, klubun əvəzedici komandası Bakıda məskunlaşa bilər.

Bu barədə “Report”a Naxçıvan təmsilçisinin İdarə Heyətinin sədr müavini Sakit Rzayev məlumat verib.

O bildirib ki, bu, maliyyədən və futbolçu tapma məsələsindən asılı olacaq: “Çünki Naxçıvanda uzun müddət gənclərdən ibarət komanda olmayıb. Buna görə də yuxarı yaş qruplarında oyunçu tapmaq asan deyil. Eyni zamanda, komandanın hər dəfə Bakıya gedib-qayıtması da əlavə maliyyə tələb edən məsələdir. Bütün bunları nəzərə alıb, növbəti mövsüm əvəzedicilərdən ibarət komandamızın Bakıda məskunlaşması variantını nəzərdən keçiririk. Ancaq bununla bağlı hələ yekun qərarımızı verməmişik”.

Qeyd edək ki, Birinci Divizionun XXIV turundan sonra 54 xalla birinci pillədə qərarlaşan “Araz Naxçıvan” Premyer Liqaya vəsiqə qazanıb. Naxçıvan klubu lisenziyalaşdırmanın tələblərini qarşılayacağı təqdirdə, elitada iştirakı təsdiqlənəcək.



Xəbər xətti