Laurentsiu Regekampf: "Cavab matçında rəqibə başqa üzümüzü göstərməliyik"

18:26 19 Aprel 2023

"Nəticə və oyuna görə xoşbəxt deyiləm. Vəziyyəti çox çətinləşdirdik, səviyyəmizə uyğun çıxış etmədik. Cavab matçında rəqibə başqa üzümüzü göstərməliyik".

Sitat.info- un məlumatına görə, bunları "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis bildirib ki, cavab qarşılaşmasında hər şey ola bilər: "Bu gün rəqibin etdiklərini biz edə bilmədik. Amma komandama 100 faiz inanıram. Ümumi vəziyyəti xeyrimizə dəyişə bilərik. Daha konsentrasiyalı oynamalıyıq. Bu cür vəziyyətlərə öyrəşmişik. İnanıram ki, geridönüş edə biləcəyik".

Onun sözlərinə görə, məğlubiyyətə bir çox amil səbəb ola bilər: "Bunlardan biri örtüyün süni olmasıdır. Bu barədə futbolçularımla çox danışıram. Əslində səbəb axtarmaq lazım deyil. Yaxşı oynamadıq. Ən azından döyüşməliydik. Növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Bunun üçün də qollar vurmalıyıq. "Bakcell Arena"da nə baş verəcəyini bilirik. Öz oyunumuzu oynamağa çalışacağıq".

Qeyd edək ki, bu komandalar arasında cavab matçı aprelin 26-da baş tutacaq.



Xəbər xətti