İrəvan Moskva ilə "danışılmış döyüşə" girib: Paşinyan Putinin maraqlarını belə təmin edir...

15:52 24 Noyabr 2023

"Son aylar Ermənistan-Rusiya ritorik qarşıdurmasının artmasının rəsmi İrəvanın yeni “biznes modeli” olduğunu publik çıxışlarımda dəfələrlə qeyd etmişəm. Hətta son aylar bir neçə beynəlxalq konfranslarda da rəqəmlərin və məntiqin dili ilə bu tezisi səsləndirmişəm. Ermənistan bilərəkdən sülh müqaviləsinin imzalanmasını uzadır".

Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O bildirib ki, bu durumun bir neçə səbəbi var:

"Birincisi, sülh müqaviləsinin bağlanmasını uzatmaqla, yalançı, “Azərbaycan Zəngəzura hücum edecək”, tezisini bilərəkdən yaymaqla İrəvan həm dünyada anti-Azərbayan dalğasının güclənməsinə çalışır və bəzən nail olur. Həm də Qərbdən və Rusiyadan Xankəndi və ətrafını tərk etmiş erməniləri bəhanə gətirərək humanitar və maddi yardım qazanır. İkincisi, paralel olaraq sözdə anti-Rusiya ritorikasını gücləndirərək Qərbdən gələn siyasi-iqtisadi-diplomatik dəstəyi gücləndirir. Üçüncüsü, sülhün olmaması, Ermənistanın bu prosesi uzatması, “fağır, zəif, müdafiəsiz ilk xristian xalqı” mifini gücləndirərək müxtəlif ölkələrdən hərbi yardımların artmasına şərait yaradırlar. Nəhayət ən vacib səbəb – sülhün olmamasını ən çox istəyən məhz Rusiyadır. Çünki qalıcı və ədalətli sülh Rusiyanın bölgədə Azərbaycanın atdığı addımlara görə xeyli zəifləmiş mövqelərini tam itirməklə nəticələnə bilər. Deməli, İrəvan məhz elə Moskva ilə “danışılmış döyüşlə” Kremlin maraqlarını təmin edir".

Yaxşı, İrəvanla Moskvanın ancaq ritorikada görünən “savaşın” hansısa iqtisadi nəticələri varmı?

N.Cəfərli bu sualı rəqəmlərlə izah edib: "2023-cü ilin ilk 9 ayında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 4,7 mlrd. dollar olub, ilin sonuna bu rəqəmin 5,5 mlrd. dollar olması gözlənilir. Ermənistanın bütün ticarət dövriyyəsinin 35%-ni Rusiya təkil edir, ixracının isə 51%-i Rusiyanın payına düşür. Yəni, Ermənistana ixracdan gələn hər 2 dolların 1,05 dolları Rusiyadan gəlir. Keçən ilin eyni dövründə, yəni ilk 9 ayında Ermənistanın ümumi ixracında Rusiyanın payı 39,9% idi, indi isə 51% olub – yaxşı, bu necə “davadır” ki, rəqəmlər artır?! Ermənistanda istehsal artıbmı – yox, yeni istehsal sahələri yaranıbmı – yox, yaxşı, bəs ixrac nəyin hesabına artır?! Bəli, Rusiyaya sanksiyalardan yan keçməyə yardım etmək hesabına! İrəvan Rusiyaya son 2 ildə 3,7 mlrd. dollar civarında yarımkeçirici, mikrosxem və elektron avadanlıqlar “satıb”, yəni, Moskva raket, dron, təyyarə və tank istehsalında lazım olan yarımkeçiriciləri və mikrosxemləri Ermənistan üzərindən Sinqapurdan, Fransadan, hətta ABŞ-dan alır. Bundan başqa bu ilin ilk 9 ayında Ermənistana 2 mln. 50 min turist gəlib, bunun tən yarısı 1 mln. nəfərə yaxını məhz Rusiyadan gəlib və onlar Ermənistanda 2 mlrd. dollara yaxın pul xərcləyiblər".

İqtisadçı vurğuladı ki, bundan əlavə Rusiyanın sanksiyalara məruz qalan sistemqurucu onlarla şirkəti ofis və qeydiyyatlarını Ermənistana köçürüb rahatca işləyirlər: " Yəni, əgər bu gün Ermənistanda sözdə, ritorikada “anti-Rusiya” dalğası, İrəvanın guya, Qərbyönümlü olduğu reklam olunmasaydı Ermənistana qarşı ciddi sanksiyalar olacaqdı. İndi Kreml, guya, Ermənistanla “dalaşır”, bununla da Ermənistanı Qərb sanksiyalarından qoruyur. İrəvan isə Qərb yardımlarını artırır. Nəticə etibarı ilə ortada nə qalır: Ermənistan necə KTMT üzvü idisə, elə də qalır, danışılmış oyun qaydalarına görə guya, “demarş” edir. Amma Minksdə qəbul edilmiş bütün qərarları imzalayacağını söyləyir, KTMT-dən çıxmaq fikri olmadığını deyir.

Rusiya hərbi bazaları ilə harda idisə, elə oradaca qalır. Ermənistan necə Avrasiya və Gömrük İttifaqlarının üzvü idisə, eləcə də qalır, heç yerə getmir, həm də bundan istifadə edərək yaxşı pul qazanır. Sülh müqaviləsini uzatmaqla, sözdə “Qərbyönümlü” olmaqla və Rusiya ilə “dalaşmaqla” Ermənistan çox hiyləgər oynayır, pul-dəstək qazanır, Azərbaycanın Qərblə münasibətlərini korlamağa nail olur, həm də rəsmi Bakının Rusiyaya meyillənməsini göstərməyə çalışır – və bütün bunlar Kremlin ssenarisi üzrə gedir. Azərbaycan hökuməti bu “tələyə” düşür, atdığı addımlar və ritorikaları situativdir, stareji düşünə-davrana bilmirlər, nəticədə beynəlxalq hüquqa və məntiqə görə tam haqlı olduğumuz addımları düzgün servis edə, hekayəsini qura bilmirik".

Məğrur,

Sitat.info



Xəbər xətti