ABŞ və Avropanın Ukrayna məsələsində Rusiyaya güzəştə gedəcəyini düşünmürəm - Qabil Hüseynli

17:39 5 Dekabr 2023

Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışarkən, Rusiya yenidən güclənir, Qərb tükənir və sair kimi fikirlər səsləndirirlər. Ancaq Qərb tükənmir. Əksinə, ABŞ-da hərbi istehsal son 1 ildə 2 dəfə artıb. Səbəb odur ki, ABŞ-ın Ukraynaya verdiyi maliyyə vəsaitləri yenidən silah sifarişləri formasında yenidən Amerikanın özünə dönür. Bu da ABŞ hərbi sənaye kompleksinin inkişafına gətirib çıxarır. 

Böyük Britaniyanın yeni xarici işlər naziri Devid Kameron da bildirdi ki, Rusiyaya yenidən baş qaldırmağa imkan vermək olmaz. Bu Rusiya tərəfindən Avropa sivilzasiyasına qarşı böyük bir müharibəyə gətirib çıxara bilər. O bildirib ki, Putinin xəstə təfəkküründə qurduğu böyük imperiya planına hətta bəzi Avropa dövlətləri də daxildir. Qərbdən müxtəlif məlumatlar gəlir. Mətbuatda Rusiyanın güclənməsi, yenidən hücuma hazırlaması deyilsə də, bu hələ vəziyyətin tam təhlili deyil. Rusiyanın logistik imkanları kəskin azalıb. Arxa cəbhədə vəziyyət ağırdır. Müharibə bölgəsində dağıdılmış kiçik bir qəsəbədə 300 metr mövqe dəyişikliyi hansısa şəhəri almaq  kimi təqdim edirlər". 

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, Ukrayna ordusunun əks -hücumda qələbəsinə inanır: "Demişdim ki, hətta payızın sonuna doğru Krımı götürə bilər, hətta Şərqi Ukraynanı Donetsk və Luqanskı da azad edə bilər.  Ancaq mən bu fikri səsləndirəndə Ukraynanın silah-sursat ehtiyatı güclü idi, ildırımsürətli əməliyyata hazırlaşırdılar. İndi əks-hücum əməliyyatları uğurla baş tutmasa da, Ukrayna Ordusu Zaporojyenin bir sıra ərazilərini azad edib, Don çayının son sahillərində 7-8 mövqeyə əsgərlərini keçirib , orada mənzilləniblər, mövqelər qazılıb. Ukrayna addım-addım irəli getməyə çalışır. Mən bu məsələdə nə Amerikada, nə də Avropada hansısa güzəştin olacağını düşünmürəm. Almaniya Ukraynaya silah göndərişini 2 dəfə artırıb, bu il 30 milyard dollarlıq silah göndərib". 

Məğrur,

Sitat.info

 



Xəbər xətti