"Sərhəddən yeni məlumatların gəlməsi o deməkdir ki, sülh danışıqlarının başqa platformalarda yeni aktivləşmə ehtimalından narahat olan tərəflər var. Əsasən də Rusiya bundan narahatdır".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Sülhəddin Əkbər deyib.
O bildirib ki, Vaşinqton formatı yenidən bərpa oluna bilər: "ABŞ-ın yenidən aktivləşməsi, Blinkenin Azərbaycan dövlət başçısına zəng etməsi, daha sonra Azərbaycanla bağlı xoşagəlməz açıqlamalar verən ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Braynın ölkəmizə gəlməsi onu deməyə əsas verir ki, ortada hansısa razılaşma var. Bu o deməkdir ki, danışıqların Vaşinqtonda yenidən canlanması gündəmdədir. Ceyms O'Braynın səfərində də bu məsələ müzakirə olunacaq. Dövlətlərarası sərhəddə atışma olması ilə bağlı xəbərin yayılması məhz Rusiyanın bu prosesdən narazılığının ifadəsidir. Rusiya həm Brüssel, həm də Vaşinqton platformasından narazıdır. Bunu gizlətmir və hər fürsətdə Ermənistan tərəfinə çatdırır".
S.Əkbər hesab edir ki, Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra qarşıdurmanın Azərbaycanın daxilindən dövlətlərarası sərhədə keçəcəyi gözlənilən idi: " İkincisi də sülh müqaviləsi imzalanana qədər danışıq platforması ilə bağlı qarşıdurma davam edəcək. Biz getdikcə daha gərgin epizodları görə bilərik. Ermənistan tərəfi də Brüssel və Vaşinqton platformalarını Azərbaycandan daha çox istəyir. Azərbaycan tərəfi sərhəddə və ya hər iki tərəfin razılaşdığı bir yerdə danışıqların aparılmasını təklif edirdi. Yəni, bu proseslərdən Paşinyan hakimiyyətinin hər hansı narazılığı yoxdur".
Kənan
Sitat.info