"Sabah ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Azərbaycana gəlir. Ancaq Ermənistana səfəri nəzərdə tutulmayıb. Verilən açıqlamaya görə, Azərbaycana və Rumıniyaya səfər edəcək. O'Brayn həm də Azərbaycanın könlünü almağa gəlir və düşünürəm ki, hansısa təkliflərlə gələcək. Onlar bilirlər ki, Azərbaycana təzyiq mümkün deyil, biz öz maraqlarımızdan kənara çıxan heç bir təzyiqə boyun əymirik. Ermənistana təzyiq edə bilərlər, amma Azərbaycana yalnız təkliflərlə gəlmək olar".
Bu sözləri təhlükəsizlik eksperti İlham İsmayıl deyib.
O bildirib ki, bu təkliflər sülh müqaviləsinin bağlanması ilə bağlı ola bilər: "ABŞ və Qərb sülh müqaviləsinin Rusiyada imzalanmasını istəmirlər, lakin getməyin də deyə bilməzlər. Məsələ burasındadır ki, Rusiya passiv olsa da, məsələni uzatmaq istəsə də, öz çətiri altından çıxmasını istəmir. ABŞ sülh prosesini sürətləndirməyə çalışır, ancaq atdığı addımlar buna uyğun gəlmir".
İ.İsmayıl hesab edir ki, ABŞ Ermənistana dəstəyi ilə paralel olaraq təzyiqləri də artırmalıdır: " Azərbaycana edilən məlum təzyiqlər Ermənistana yönəldilməlidir. Ermənistana həm siyasi, həm hərbi dəstək verilir. Fransa parlamentinin məlum komitəsi hökumətə tapşırıq verdi ki, Ermənistana 24 “Bastion” maşınlarından vermisiniz, 26 maşın da verin , ümumilikdə 50 maşın olsun. Söhbət Ermənistanı silahlandırmaqdan getmir, sülh ərəfəsində bu olmaz. Qərb sülhə çalışırsa, bu addımları sühə mane olur. Onlar artıq vasitəçi yox, tərəfdirlər. Silah verilməsi sülh prosesini əngəlləyən məsələdir. Bu silahlar həm də uzunmüddətli kredit əsasında verilir. Fransa Ermənistanın Rusiyadan iqtisadi asılılığını da azaltmağa çalışır".
Nərgiz,
Sitat.info