İşğal, ya bayram günümüz... - Qərənfil Dünyaminqızı yazır...

16:20 19 Dekabr 2023

Məqaləni yazmağa başlarkən rəhmətlik müəllimim professor Şirməmməd Hüseynovun “Məddahlıq köhnə “sənətdir”, davamçıları hər zaman var” sərlövhəli məqaləsi düşdü. Şirməmməd müəllim yazırdı ki, “Hər dövrün öz məddahları olur və olacaq”.

Bəzən kitabxanalarda və arxivlərdə sovet dövrü ilə bağlı elə faktlarla, sənədlərlə, qəzet, jurnal materialları ila rastlaşıram ki, bilmirəm təəssüf, təəccüb edim, ya Mərkəzi qınayım, ya özümüzü! Amma bu təəssüfdən də, təcübdən də çox utanc verici bir haldır ki, işğalı “bayram əhvalı ilə yaddaşlara” həkk etmək istəmişik.

Qarşımda Azərbaycan KP MK-nin Birinci Katibi Vəli Axundovun partiyanın 26-cı konfransındakı çıxışını əks etdirən sənədlər və qəzet materialları var. Konfrans 1964-cü il yanvarın 9-dan- 11-ə kimi Bakıda gecirilib və “Azərbaycanın könüllü olaraq Rusiyaya birləşməsinin 150 illiyinə həsr edilib”. (Hörmətli oxucu “könüllü” sözünü zor gücü kimi oxu). Doğrudan dəhşətdir. Xalq, dövlət olaraq özün öz işğalını bayram edəsən və bunu rəsmiləşdirəsən.

Birinci katib Vəli Axundov çıxışında qeyd edir ki, “Azərbaycanın könüllü olaraq Rusiya ilə birləşməsinin 150 illiyini qeyd edəcəyik və bu hadisə Azərbaycan xalqının tarixində böyük bir bayramdır”. Beləliklə, konfransın sonunda “bayramın” (işğalın oxu) ölkə ərazisində tən-tənəli keçirilməsi üçün “1964-cü ilin mayında tədbirlərin keçirilməsinə MK qərar verir”. Təbii bu qərarı ilk olaraq dövrü mətbuat canla-başla həyata kecirdi. Ona görə həmin ilin dövrü mətbuatını gözdən kecirməyə başladım. Həmişəki kimi bu məsələdə yenə öndə gedən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin orqanı olan “Kommunist” qəzeti diqqətimi cəlb etdi.

Qəzetin 27 may 1964-cü il tarixli sayında akademik Ə.S.Sumbatzadənin “Böyük tarixi hadisə” adlı məqaləsi çap olunub. Məqalə 1828-ci il fevralın 10-da bağlanan məşhur Türkmənçay müqaviləsinə həsr edilib. Akademik bu işğalı dəstəkləyərək fəxrlə yazır ki, “Azərbaycan Rusiya tərkibinə daxil olmaqla yeganə düzgün yol seçmişdir”.

Əlbəttə Sumbatzadə üçün bu yol düz yol idi. Qəzetin 28 may 1964-cü il tarixli sayında şair Səməd Vurğunun məşhur “Moskva” şeirindən bir parça verilib. Şair Moskva ilə dostluğun, qardaşlığın xalqımız üçün bir səadət olduğunu ağız dolusu təbliğ edir.

Səninlə duz-çörək kəsdiyim gündən

Əlindən öpmüşəm balan kimi mən.

Moskva! Nə qədər doğmadır bu səs,

Doğmalar dar gündə yad ola bilməz!..

Yazıçı Süleyman Rəhimov da “Dostluq dünyası” (29 may) adlı məqaləsində bu dostluqdan Azərbaycan xalqının çox-çox məmnun, xoşbəxt olduğunu bəyan edir.

Rüfət Axundov da “Səadət mahnısı” adlı şeirində (29 may) S.Vurğun, S.Rəhimov kimi bu dostluğu tərənnüm etmək üçün dilimizdə nə qədər gözəl sözlər varsa hamısın səxavətlə işlədib, hətta “böyük qardaşımızı” can, qan qardaşımız adlandırıb.

Rus qardaşım! Rus qardaşım!

Ey sevimli can qardaşım!

Sonda “bayramı” ölkə ərazisində yüksək səviyyədə kecirdiyimiz üçün “böyük qardaşımız” Azərbaycan Sovet Sosilaist Respublikasını Lenin ordeni ilə təltif edib. Burada yadıma dahi Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalının 16 iyun 1906-cı il tarixli, 11-ci sayında çap etdiyi bu sözlər düşdü: “...Rusiya hökumətinin yolunda canü-dillə xidmət edən müsəlmanlara layiqincə vəzifə və ənam verilsin və bununla belə, Rusiyanın müstəbid idarəsinin tərəfdarı olmayan müsəlmanlar Saxalin cəzirəsinə göndərilsinlər”.

Əməkdar jurnalist Qərənfil Dünyamin qızı, xüsusi olaraq Sitat.info üçün...



Xəbər xətti