Qurban Qurbanov: "Prezidentin sözləri bizə əlavə motivasiya verir"

14:04 10 Aprel 2022

"Prezidentin sözləri bizə əlavə motivasiya verir".

 

Sitat.info xəbər verir ki, bunu "Report"a müsahibəsində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edərkən səsləndirdiyi fikirlər barədə danışarkən deyib.

 

Ölkə başçısı bildirib ki, biz bütün idman növlərində döyüş, hücum taktikasından istifadə edəcəyik, qalib xalq olduğumuz üçün döyüşkən olmalıyıq.

 

50 yaşlı mütəxəssisin sözlərinə görə, Azərbaycan futbolunda və ümumi idmanda bir seçim yolu olmalıdır: "Uğura çatmağın iki yolu var: birincisi, müdafiə olunub gözləməklə qələbə əldə etmək, ikincisi isə hücum edərək qələbə qazanmaq. Biz çox və böyük uğurlara yiyələnmək istəyiriksə, ancaq hücum haqqında fikirləşməliyik. Dəfələrlə bildirmişəm ki, hücumda ola-ola müdafiə olunmalıyıq. Bizim komanda neçə illərdir ki, bunun üzərində çalışır. Futbolçulara da fikirlərimizi çatdırırıq. Onlar da sağ olsunlar. Var gücləri ilə çalışırlar ki, bunları yerinə yetirsinlər".

 

Qurbanovun fikrincə, illər boyu bu prinsiplər üzərində çalışdıqlarından futbolçular meydana çıxanda nə edəcəklərini bilirlər: "Texniki səhvlər ola və ya düşüncələrimiz alınmaya bilər. Amma uğuru hücumda axtarmaq bizim klubun neçə illərdir sistemində var. Əvvəllər də bildirmişəm ki, 44 günlük Vətən müharibəsindən sonra mən və futbolçular daha da ürəklənmişik, hücuma keçməkdən, uduzmaqdan qorxmuruq. Bu prinsiplə getsək, məğlub ola bilərik. Amma ən azından 3-5 il sonra bir sistem ortaya qoyacağıq. İnanıram ki, Azərbaycan futbolunun mentalitetini dəyişəcəyik. Müharibədən sonra hücum haqqında daha çox fikirləşməli, əlbəttə müdafiəni də unutmamalıyıq".

 

Təcrübəli baş məqçi Prezident İlham Əliyevin həm onun haqqında fikirlərinə, həm də güləşçilərlə görüşünün videoyazısına baxdığını və çox maraqla izlədiyini söyləyib: "Cənab Prezident bir daha göstərdi ki, bütün idman növlərinə nə dərəcədə diqqət ayırır və öz fikirləri ilə Azərbaycana, ölkə idmanına olan sevgisini gizlətmir. Hacı Əliyevlə dialoqu da çox maraqlı oldu. Ona da baxdım. Prezident bütün idmançıları təbrik etdi. Mən də bütün güləşçilərimizi təbrik edirəm. Eldəniz Əzizli bizim mükəmməl idmançılarımızdandır. Onu da təbrik edirəm. Əziyyət çəkən güləşçidir, onu yaxşı tanıyıram. Bütün güləşçiləri və rəhbərliyi təbrik edirəm. İnanıram ki, belə uğurlar Azərbaycanın gələcəyini, ölkənin gəncliyinin sağlamlığını daha da möhkəmləndirir".

 

 



Xəbər xətti