Amerika sahibkarı İlon Mask bəyan edib ki, “Twitter” şirkətini almaq üçün 10 milyard dollardan çox şəxsi vəsaitini qoymağa hazırdır. Bu barədə “New York Post” qəzeti məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Mask “Twitter”i özəl şirkətə çevirmək üçün öz vəsaitindən 10-15 milyard dollar məbləğində sərmayə qoymağa hazırdır. Ondan sonra şirkəti özəl və ya birjadan kənar qaydada satmaq və ya dəyişmək olar. Bu, sahibkar tərəfindən aprelin əvvəlində əldə edilmiş şirkət səhmlərinin 9,2 faizinin dəyərindən asılıdır. Hazırda onların qiyməti təqribən 3,4 milyard dollardır. Mənbələrin məlumatına görə, zərurət yaranarsa, Mask öz payı müqabilində kredit götürə bilər ki, bu da öz növbəsində bir neçə milyard dollar cəlb edə bilər.
“New York Post”un yazdığına görə, Mask, yəqin, pul toplanmasında maneə ilə qarşılaşır. Mənbələr bildirir ki, “Twitter”in qiymətli kağızlarının dəyərinin hər səhm üçün 54,2 dollar olub-olmaması ilə bağlı şübhələrlə yanaşı, bəzi investorlar sahibkarın gözlənilməz davranışından da ehtiyat edirlər. Həmçinin məlum olub ki, Mask təqribən 10 gündən sonra “Twitter” üçün tender təklifi elan etməyi planlaşdırır.
Aprelin 14-də “Reuters” agentliyi belə bir məlumat yaymışdı ki, bu yaxınlarda “Twitter”in ən böyük səhmdarı olan Mask şirkəti almaq üçün 41,39 milyard dollar (hər səhm üçün 54,2 dollar) təklif edib. “Twitter”in direktorlar şurası şirkətin və onun səhmdarlarının maraqlarına ən yaxşı cavab verə biləcək fəaliyyət qaydasını müəyyənləşdirmək məqsədilə Maskın təklifini diqqətlə araşdırmaq niyyətindədir.
ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının məlumatına görə, Mask “Twitter”in səhmlərinin 9,2 faizinin sahibidir. Lakin o, aprelin 11-də şirkətin direktorlar şurasına daxil olmamaq qərarına gəlib.
“Bloomberg” agentliyinin məlumatına görə, Maskın sərvəti hazırda 266 milyard dollar qiymətləndirilir.