Dahi şairimiz Sabirə həsr olunmuş 1 əsr yaşı olan xüsusi buraxılış təkrar işıq üzü gördü FOTO

17:51 27 May 2022

109 il əvvəl çap olunmuş xüsusi buraxılış latın qrafikası ilə yenidən işıq üzü görüb.

SİTAT.İNFO xəbər verir ki, böyük Azərbaycan şairi və mütəfəkkiri, milli oyanış, humanizm, müsbət ideallar və demokratik dəyərlərin fədakar carçısı M.Ə.Sabirin anadan olmasının 160 illiyi ərəfəsində “Mütərcim” nəşriyyatı “Məktəb” jurnalının qüdrətli söz ustasına həsr edilmiş xüsusi nömrəsini oxuculara təqdim edib.

1913-cü ildə şairin vəfatının 2-ci ildönümünə həsr olunmuş məqalə və şeirlərdən ibarət  həmin xüsusi buraxılışın transliterasiyasını BSU-nun doktorantı Fərqanə Məlikova hazırlayaraq “Məktəb” jurnalı haqqında xüsusi məqalə ilə birlikdə çap etdirib.

Buraxılışın redaktoru BDU-nun Mətbuat tarixi kafedrasının müəllimi Samir Xalidoğludur.

Xüsusi buraxılışa giriş sözü yazan filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli bu nəşri böyük satirik şairimizin irsinə dərin ehtiram və Sabirsevərlərə  qiymətli hədiyyə kimi qiymətləndirib.

Səid İsaoğlu,

SİTAT.İNFO

 



Xəbər xətti