"Bizdə orta təbəqə yoxdur - Azərbaycanımız bir qrup acgözdən və bir ölkə acdan ibarətdir. Orta təbəqə olmadığı kimi, orta mövqe də yoxdur bizdə. "Orta mövqe" deyəndə, "nə şiş yansın, nə kabab" prinsipini nəzərdə tutmuram. Ədalətli mövqedən danışıram. Ədalət - yaxşıya yaxşı, pisə pis qiymət verilməsidir. Ədalət - hamını bir gözdə görmək deyil, hər şeyin öz yerində olmasıdır.
Azərbaycan futbolu "Qarabağ" klubu ilə öz tarixinin ən şanlı səhifələrini yaşayır. Sözsüz ki, klubun baş məşqçisi Qurban Qurbanovun bu işdə müstəsna rolu var. "Qarabağ" Azərbaycan xalqı üçün sadəcə bir futbol klubu deyil, həm də torpaqları uzun illər işğal altında qalmış, olmazın əzab-əziyyətlərə məhkum edilmiş bir xalqın haqsızlığa, ədalətsizliyə qarşı bir dirəniş simvoludur. Təbrizin "Traktor" klubu da belədir (yeri gəlmişkən, "Traktor"un tarixi missiyası haqqında da dəfələrlə mətbuat səhifələrində yazılarım olub). Yəni demək istəyirəm ki, "Qarabağ"ın oyunları bizim üçün bir futbol hadisəsindən daha çox milli ideoloji mücadilə anlamı daşıyıb. Məhz bu səbəbdən biz bu komandanın hər bir qələbəsini tarixi hadisə kimi qiymətləndirmiş, məğlubiyyətini isə təbii qəbul edərək təsəlli vermişik. Şəxsən mən bir söz adamı olaraq "Qarabağ"ın qələbəsinə də, məğlubiyyətinə də yazılar və şeirlər həsr etmişəm. Əlbəttə, futboldur, udmaq da var, uduzmaq da...
AMMA!
Azarkeşlərin kütləvi narazılığına səbəb olan yanlış qərarları (səhvlər yox, məhz təkrarən verilən yanlış qərarlar!) səbəbi məlum olmayan inadkarlıqla təkrar etmək bağışlanılmazdır! Səbəbi nə olursa olsun, bu, azarkeşlərə və komandanın qələbəsini həyəcanla gözləyən sadə insanlara qarşı böyük hörmətsizlikdir. Bax məhz bu məqam birmənalı olaraq mütləq tənqid edilməlidir. Tənqid edilməyəcəksə, bunun adı ƏDALƏTSİZLİK olacaq.
Azərbaycan xalqının böyük əksəriyyəti də - istər azakeş olsun, istər olmasın - bu məqamdan narazıdır, sosial şəbəkələrdə haqlı olaraq məhz bu duruma etiraz edir.
Amma təəssüf ki, xalqın bu boyda haqlı iradını görməzdən gələn, özünü sanki "Qarabağ"ın müdafiəçisi rolunda hiss edənlər də tapılır. İki əsas arqumentləri var onların: 1) "Qarabağ" klubunu bu yerlərə Qurban gətirib çıxarıb; 2) Nəriman hələ uşaqdır, gələcəyi qabaqdadır...
Əlbəttə, Azərbaycan futbolunun inkişafında Qurban Qurbanovun xidmətləri danılmazdır - bunu hər zaman qeyd edirik, yuxarıda da bu məsələyə toxunmuşuq. Amma bu ona əsas vermir ki, hansısa səbəblərdən eyni yanlış qərarları verərək azarkeşlərin və xalqın əsəbləri ilə oynayasan!
Nəriman Axundzadənin "hələ uşaq olduğunu" deyənlər isə unudurlar ki, böyük futbolçular elə kiçik yaşlarından ulduz olurlar. Dünyanın ən güclü iki klubunun - "Barcelona"nın və "Real Madrid"in aparıcı oyunçuları Lamin Yamal və Arda Gülər kimi. Deməyim odur ki, futbol üçün Nəriman uşaq sayılmır; o öz potensialını kifayət qədər göstərib. Yəni, onun gələcəkdə inkişaf edərək Yamal və ya Gülər olacağına ümid etmək sadəlövhlükdən başqa bir şey deyil. Ancaq xalqı əsəbiləşdirən Nərimanın zəif oyunçu olmasından daha çox, təmsil etdiyi komandaya, soyuq havada yağış altında qələbə gözləyən minlərlə azarkeşə, ümumilikdə isə Azərbaycan xalqına qarşı laqeydliyi və biganəliyidir! Bu saymamazlıq məğlubiyyətə səbəb olanda isə (söhbət 2:4 hesabı ilə bitən Qarabağ-Ayaks matçından gedir) emosiyaları cilovlamaq müşkül məsələyə çevrilir.
Yuxarıda qeyd etdim ki, "Qarabağ"ın oyunu bizim üçün sıradan bir oyun deyil, milli mücadilədir, savaşdır. Öz missiyasını dərk edərək qeyrət və təpər göstərməyə borclu olan bir döyüşçü, komandanın ağır vəziyyətində heç nə olmamış kimi asta yürüşlə o tərəf-bu tərəfə gedir - həmişəki kimi öz ampluasındadır.
"Milli qəhrəmanımız" Qurban Qurbanov da hər dəfə bunu görür, amma hər dəfə onu oyuna salır, hər məğlubiyyətdən sonra da oyundan razı qaldığını iddia edir. Məgər bunun adı xalqa hörmətsizlik deyilmi?! Təbii ki, xalq da haqlı olaraq bu hörmətsizliyə etiraz edir!
Xalq - xalqdır: istər stadionda olsun, istər küçə və meydanlarda. Bu xalq öz milli dəyərlərini və mənafeyini müdafiə etməyi yaxşı bacardığını hər zaman sübut edib. Ona görə də xalqın gözünü tərəzi hesab edirik. Bu xalq bizə müstəqillik qazandıran milli azadlıq hərəkatında Bakının küçə və meydanlarını doldurmuş həmin böyük xalqdır; yeri gələndə stadiona gəlir, tarixi zərurət yarananda isə küçə və meydanlara çıxır. İndi sözüm "Qarabağ"ın "ştatdankənar" müdafiəçilərinədir: sən fərqli fikirlərlə kimlərinsə gözünə girmək üçün adını "ziyalı" qoyub bu xalqa qarşı çıxırsansa, bunu bilməlisən ki, güclü selin qarşısında çır-çırpı kimi olacaqsan...
şair, jurnaist Əvəz Qurbanlı
Sitat.ifo