Aşağı təminat, zəif bazar: Ev sığortasında əsas problem nədir?

14:40 1 May 2026

Azərbaycanda təbii fəlakətlər və kütləvi hadisələr zamanı daşınmaz əmlaka dəymiş ziyana görə vətəndaşa dövlət tərəfindən kompensasiya verilməsi ənənə halını alıb. Son olaraq, Bakı şəhəri, Xətai rayonu, Keşlə qəsəbəsində kollektor qəzasına zamanı evlərinə ziyan dəymiş vətəndaşlara kompensasiya, birdəfəlik maddi yardım ödənilməsilə ilə bağlı qərar verildi. 

Bu addım sosial baxımdan arzuolunan olsa da, müsbət hal kimi qiymətləndirilsə də, gələcəkdə daşınmaz əmlakın sığortası ilə bağlı mədəniyyətin formalaşmasını gecikdirə bilər. 

Sitat.info-ya açıqlamasında, ölkəmizdə daşınmaz əmlak sektorunda sığorta sisteminin tətbiqini dəyərləndirən iqtisadçı eskpert Vüsalə Əhmədova bildirdi ki,  Azərbaycanda daşınmaz əmlak sığorta bazarı çox yenidir, hələ tam oturuşmayıb: "Hazırda daşınmaz əmlak üçün icbari sığorta sistemi mövcuddur. Mənzil və xüsusi evlər üçün müəyyən minimum sığorta növü nəzərdə tutulur. Ancaq, təminat məbləğləri bugünkü mənzil qiymətləri ilə müqayisədə çox aşağıdır. Yaşayış sahələri üzrə standart sığorta tariflərinə nəzər yetirsək, Bakı şəhəri üçün illik 50 manat təşkil edir və 25,000 manat təminat verilir, Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üzrə isə 40 manat təşkil edir və 20,000 manat təminat verilir".

İqtisadçı bildirdi ki, reallıqda çox adamın mənzilini sığortalamaq istəməməsinin əsl səbəbi məhz, təminat məbləğlərinin evin real bazar dəyərindən aşağı olmasıdır: "Bakıda ortalama 200-300 minlik mənzil üçün 25 min manat limit çox aşağıdır. Hələ lüks mənzil və evləri demirəm, hansı ki, bazar dəyərləri ilə standart sığorta təminatları arasında uçurum var. Nəticədə ev tam zərər görsə, ödənilən məbləğ bərpa üçün yetməyəcək. Vətəndaş da təbii olaraq düşünür ki, bunun mənə nə kimi xeyri ola bilər. Bu da öz növbəsində könüllü sığortaya marağı azaldır. Həmçinin, Azərbaycanda xeyli sayda fərdi evlər var ki, ya çıxarışı olmur, ya torpaq sənədi natamamdır, ya da əlavə tikilisi qeydə alınmayıb və ya faktiki sahəsi sənəddəkinə uyğun gəlmir. Belə hüquqi problemləri olan evləri sığortalamaq da çətinləşir və ya zərər zamanı mübahisə yaranır. Eyni zamanda, sürüşmə zonasında, kommunikasiya xətləri üzərində icazəsiz tikilən yaşayış evləri və obyektləri üçün şığorta şirkətləri risk almaq istəmir. Eləcə də sual yaranır, yanğın, zəlzələ, su basma kimi təbii fəlakətlər sığorta paketinə daxil edilirmi? Bəzən paketlər məhdud olur. Əgər daşınmaz əmlak yenidirsə, təmirlidirsə və ya içində dəyərli əşyaları varsa, tək icbari yox, əlavə könüllü sığorta daha ağıllı seçim olardı. Əgər şəxsi evdirsə, yanğın, qaz partlayışı, su basma, üçüncü şəxs məsuliyyəti, təbii fəlakət (güclü külək, fırtına, sel, daşqın, zəlzələ) kimi risklər minimum paketə daxil edilməlidir. Sığorta paketini alanda yaxşı olar ki, nə daxildir, nə yox dəqiqləşdirilsin".

V.Əhmədova vurğuladı ki, dünyanın inkişaf etmiş sığorta bazarlarında şəxsi evlərin könüllü sığortası artıq bir "lüks xidmət" deyil, ailənin maliyyə təhlükəsizliyinin əsas alətlərindən biri hesab olunur: "ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə və Skandinaviya ölkələrinin təcrübəsi göstərir ki, ev sığortası yalnız zərərdən sonra kompensasiya vermir, eyni zamanda daşınmaz əmlak bazarında sabitlik yaradır. Məsələn, ABŞ bazarında "homeowners insurance" ən inkişaf etmiş sığorta modellərindən biridir. Buradakı paketlərə adətən evin konstruksiyası, evdəki əşyalar, üçüncü şəxslərə qarşı məsuliyyət daxil edilir. Böyük Britaniya bazarında isə sığorta adətən iki hissəyə bölünür. Tikililər üçün "buildings insurance", ev əşyaları üçün isə "contents insurance" təklif edilir. Bu ayrım istehlakçı üçün şəffaflıq yaradır. Məsələn, kirayədə yaşayan şəxs yalnız əşyalarını sığortalaya bilir, ev sahibi isə tikilini ayrıca sığortalayır. Almaniya bazarında sığorta şirkətləri əmlakı qiymətləndirərkən tikilinin ili, dam materialı, isitmə sistemi, regionun sel və fırtına riski, təhlükəsizlik sistemi kimi meyarları nəzərə alır. Bu yanaşma riskin daha düzgün qiymətləndirilməsinə imkan yaradır. Türkiyə təcrübəsində məcburi zəlzələ sığortası uzun illərdir tətbiq olunur. Son dağıdıcı zəlzələlərdən sonra bu mexanizmin əhəmiyyəti daha da ön plana çıxıb. Seysmik zonada yerləşən Azərbaycan üçün də zəlzələ təminatı ayrıca məhsul kimi genişləndirilməlidir. Həmçinin də, risk əsaslı qiymətləndirmə qaçılmazdır. Sosial həssas qruplar üçün subsidiya mexanizmi də düşünülə bilər. Eləcə də, mənzil sahibləri, kirayəçilər və fərdi ev sahibləri üçün fərqli sığorta modelləri hazırlana bilər. Hazırkı vahid yanaşma bazarı məhdudlaşdırır. Əsas məsələ, sığortanın mövcudluğu deyil, onun vətəndaş üçün real dəyər yaratması olmalıdır".

Aytac,

Sitat.info 

 



Xəbər xətti