Qlobal bazarlarda təlatüm: Azərbaycan üçün hansı iqtisadi risklər var?

15:39 6 May 2026

ABŞ–İran müharibəsi qlobal enerji bazarlarında ciddi qeyri-müəyyənlik yaradaraq neft və logistika xərclərinin artmasına səbəb oldu ki, bu dünya iqtisadiyyatında inflyasiya təzyiqlərini gücləndirir. Bəs bu proses xüsusilə idxaldan asılı ölkələrdə, o cümlədən Azərbaycanda, mal və xidmətlərin bahalaşması ilə nəticələnə bilər. Eyni zamanda, regional ticarət və tranzit marşrutlarının pozulması iqtisadi fəaliyyətin zəifləməsinə və təchizat zəncirində fasilələrə yol aça bilər. Nəticədə həm qlobal, həm də Azərbaycan iqtisadiyyatında qeyri-sabitlik və risklərin artması müşahidə oluna bilər. 

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, ABŞ-İran müharibəsi  fonunda dünyanın əsas logistik xətlərindən biri olan Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyat üçün müxtəlif çağırışlar formalaşır: "Müharibənin dünyanın ən böyük enerji təchizatının formalaşdığı bir coğrafiyada baş verməsi və o cümlədən enerji transportunun mühüm rol oynadığı Hörmüz boğazının fəaliyyətinin dayandırılması  enerji qiymətlərinin kəskin şəkildə bahalaşmasını şərtləndirdi və bu, bütün mal və xidmətlərdə də bahalaşmaya gətirib çıxaracaq.

Təbii ki, bu bahalaşmanın təsirləri müxtəlif seqmentlərdə fərqli səviyyələrdə əksini tapacaq. Çünki enerji bütün mal və xidmətlərin maya dəyərində fərqli səviyyədə özünü göstərir. Bəzi sahələrdə bu yalnız tranzit xərcləri kimi əks olunur ki, burada təsirlər nisbətən aşağı ola bilər. Amma bəzi sahələr var ki, enerji eyni zamanda xammal rolunu oynayır.

Məsələn, kimya sənayesi və yaxud gübrə istehsalı kimi sahələrdə Hörmüz boğazının payı təxminən 30 faizə yaxın idi və boğazın bağlanması  həm logistika və nəqliyyat sahəsində fasilələrə, həm qıtlığa, həm də alternativ marşrutlar üzrə daşınma zamanı xərclərin artmasına gətirib çıxarır. Yəni tranzit xərcləri artır. Eyni zamanda məhsulun maya dəyərini formalaşdıran xammalın da qiyməti yüksəlir. Neftin qiymətinin artması isə öz növbəsində gübrə qiymətlərinin qalxmasına, bu da bütün növ qida və kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olur".

R.Həsənov bildirdi ki, digər tərəfdən, nəqliyyat sahəsində sərnişin və yükdaşıma xidmətlərinin qiymətlərinin artması zərurəti yaranır: "Çünki bu sahədə maya dəyərinin 20–35 faizi yanacaq xərclərindən formalaşır. Hava nəqliyyatı sahəsində vəziyyət artıq gərginləşib, qiymətlər kəskin şəkildə artır və şirkətlər fəaliyyətlərini məhdudlaşdırır. Mövcud çağırışlar fonunda təklifin azalması və təklif qıtlığı qiymətlərin daha da artmasına gətirib çıxaran amillər olacaqdır.

Bu kontekstdə Azərbaycanın idxal etdiyi bütün mal və xidmətlərdə də qiymət artımları gözlənilir. Bu artımlar az və ya çox şəkildə özünü göstərəcəkdir. Digər tərəfdən, Körfəz bazarı Azərbaycanın mühüm turizm bazarlarından biri idi. İran da eyni zamanda qonşu ölkə olaraq Azərbaycanın əsas turizm bazarlarından sayılır və uzun müddət hətta üçüncü yerə qədər yüksəlmişdi. Körfəz və İran bazarları turizm baxımından ciddi risklərlə üz-üzədir və bu sahədə təzyiqlər artır.

Digər bir məsələ isə İrandan ildə təxminən 1 milyard manatlıq məhsul idxal olunmasıdır. Bu məhsulların böyük hissəsi son istehlak malları, bir hissəsi isə xammal və aralıq məhsullar kimi istehsalda istifadə olunurdu. Bu məhsulların üstün tərəfi əsasən qiymət avantajı idi və əhalinin, xüsusilə aşağı və orta gəlirli sosial qrupların daha səmərəli alış imkanları formalaşdırırdı. Bu imkan da bu və ya digər şəkildə itirilməkdədir".

R.Həsənov ölkəmizdə İran məhsullarının bahalaşmasını da istisna etməyib: "İran həm də mövcud şərtlər daxilində ciddi istehsalat və inflyasiya riskləri ilə üzləşir. Yeni təchizat zəncirində yaranan problemlər və ixraca məhdudiyyətlərin tətbiqi ehtimalları fonunda Azərbaycanda bu məhsullar ya qıtlaşır, ya da bahalaşır. Bu proses artıq davam edir. Alternativ bazarlardan təminat məsələsi gündəmə gələ bilər, lakin bu da idxalçı şirkətlər üçün qiymət üstünlüklərini məhdudlaşdıracaqdır. Yəni, istənilən sahədə bu münaqişənin təsirləri özünü göstərir. Gözləntilər artıq artmaqdadır — həm Azərbaycanda, həm də qlobal miqyasda. Bu isə ümumilikdə alıcılıq qabiliyyətinə mənfi təsir göstərərək məcmu tələbin azalması, resessiya təzyiqlərinin güclənməsi və məşğulluq sahəsində risklərin artması kimi makroiqtisadi neqativ təsirlər formalaşdırır".

Nərgiz, 

Sitat.info 



Xəbər xətti