Almaniya kansleri Fridrix Merz hökumətin ölkənin avtomobil sənayesini yenidən sabitləşdirmək və rəqabət qabiliyyətini artırmaq üçün bütün mümkün addımları atdığını bildirib.
Sitat.info xəbər verir ki, o, bu barədə ZDF telekanalına müsahibəsində danışıb.
Merz qeyd edib ki, hazırda avtomobil sənayesi Almaniya iqtisadiyyatının ən çətin vəziyyətdə olan sahəsidir. Onun sözlərinə görə, bu vəziyyətin yaranmasına enerji qiymətlərinin artması ilə yanaşı, Çin avtomobillərinin dövlət subsidiyaları hesabına Avropa bazarında güclənməsi də təsir göstərib.
Kansler bildirib ki, bu məsələni Fransa hökuməti ilə də müzakirə edib. Hazırda Almaniya və Fransa Avropa avtomobil sənayesinin rəqabət qabiliyyətinin artırılması üçün birgə strategiya hazırlayırlar.
Merz vurğulayıb ki, hökumət bu prosesdən təsirlənən şirkətlər və işçilərlə dialoqu davam etdirəcək.