“Gənc Musiqiçilərə Dəstək” İctimai Birliyi yeniyetmələrin peşə təhsili ilə bağlı maarifləndirilməsi ilə bağlı ilk tədbirini keçirib.
“Yeniyetmələr arasında peşə təhsilinin təbliği” layihəsi çərçivəsində Neftçala rayonunda keçirilən tədbirə rayonun 1 saylı tam orta məktəbində təhsil alan 50 nəfər şagird qatılıb.
SİTAT.İNFO xəbər verir ki, tədbirdə çıxış edən “Gənc Musiqiçilərə Dəstək” İctimai Birliyinin sədri Nübar Əliyeva bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur:
“Layihənin məqsədi yeniyetmələri peşə təhsili, respublikamızda daha çox işçiyə ehtiyac olan peşələrlə bağlı məlumatlandırmaqla doğru sənət seçiminə yönləndirməkdir.
Layihə çərçivəsində yeniyetmələrin və valideynlərin maarifləndirilməsi məqsədi ilə respublikamızda peşə təhsili müəssisələrinin mövcud potesialı, hazırda daha çox ehtiyac duyulan peşələr, peşə təhsili müəssisələrinə qəbul qaydalarının əks olunduğu buklet hazırlanıb. Həmin buklet vasitəsi ilə də peşə məktəbləri, peşə məktəblərinə qəbul qaydaları, peşə məktəblərində öyrədilən və əmək bazarında daha çox ehtiyac olan peşələrlə bağlı məlumat var".
Tədbirə “Zoom” proqramı vasitəsilə qoşulan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin layihələrin idarəedilməsi üzrə meneceri Xatirə Bəşirova Agentliyin təhsil sahəsi ilə bağlı dəstəklədiyi layihələrlə bağlı iştirakçılara məlumat verib.
Daha sonra tədbirdə çıxış edən Neftçala rayon 1 saylı tam orta məktəbin direktoru Ülviyyə Abdullayeva peşə təhsili ilə bağlı şagirdlərin maarifləndirilməsinin əhəmiyyət daşıdığını bildirib.
Daha sonra tədbirdə layihənin eksperti Xalid Kazımov şagirdlərə peşə təhsili ilə bağlı məlumat verib. Şagirdlərə doğru sənət seçiminin əhəmiyyəti, respublikamızda peşə təhsili müəssisələri, dövlətin peşə təhsilinin inkişafı istiqamətində gördüyü ilə bağlı məlumat verilib. Həmçinin, şagirdlərə peşə təhsili müəssisələrinə sənəd qəbulu qaydaları, www.portal.edu.az saytında qeydiyyat proseduru, elektron qeydiyyatdan keçən zaman tələb olunan sənədlər, ərizəçilərə verilən ixtisas seçimi, peşə təhsili müəssisələrində pulsuz təhsil, peşə təhsili müəssisələrində təhsil haqqına güzəşt imkanları, peşə təhsilinə qəbul olan tələbələrdən tələb olunan sənədlərlə bağlı məlumat verilib. Şagirdlərə portal.edu.az saytında qeydiyyat və peşə təhsili müəssisələrinə sənəd verilmə proseduru əyani olaraq da göstərilib.
Sonda şagirdlərin peşə təhsili və peşə məktəbləri ilə bağlı sualları cavablandırılıb.
Nigar,
SİTAT.İNFO